“Müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür”.
Bunu Prezident İlham Əliyev BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident-əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən deyib.
Ölkə başçısının sözlərinə görə, Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, o zaman müharibə baş verməzdi: “Əgər Minsk Qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür. Nəticədə Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özümüz yerinə yetirdik. Biz BMT-nin Nizamnaməsini rəhbər tutaraq hərəkət etdik. 51-ci maddə hər bir ölkənin özünümüdafiə hüququnu tanıyır. Beləliklə, biz bütün beynəlxalq alətlərdən istifadə edərək, öz ərazi bütövlüyümüzü bərpa etdik”.
Həqiqətən də beynəlxalq güclər Ermənistanı azacıq beynəlxalq hüquqdan irəli gələn öhdəlikləri yerinə yetirməyə məcbur etsəydilər, ərazilərimiz uzun müddət işğal altında qalmaz və növbəti müharibə baş verməzdi.
“Beynəlxalq qurumlar, həmsədr ölkələr buna görə siyasi və mənəvi məsuliyyət daşıyırlar”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, Prezidentin beynəlxalq qurumlarla bağlı səsləndirdiyi iradlar tamamilə reallığı əks etdirir: “Beynəlxalq təşkilatlar, böyük güclər Qarabağ probleminin həlli məsələsində, Ermənistanla Azərbaycan arasındakı münaqişədə həmişə ikili standartlardan çıxış ediblər. Faktiki olaraq, Ermənistanın işğalçılıq siyasətinə xəlvəti də olsa dəstək veriblər. Düşünülmüş şəkildə Ermənistanın törətdiyi cinayətləri görməzdən gəliblər. Bununla əlaqədar da Azərbaycan siyasi elitası, mediası dəfələrlə öz etirazını bildirib. Siyasi partiya olaraq, dəfələrlə beynəlxalq qurumların sərgilədiyi biganəliyə öz etirazımızı bildirmişik. Prezident İlham Əliyev müharibədən əvvəl və sonrakı dövrlərdə açıq-aşkar mövqe ortaya qoyaraq, sözügedən ədalətsizliyə öz etirazını bildirib. Hesab edirəm ki, ölkə başçısının bu mövqeyi ədalətlidir. Çünki həqiqətən də beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana vaxtında beynəlxalq hüquqa dayanaraq təzyiq göstərsəydilər, işğal bu qədər uzanmazdı. İllərlə yüz minlərlə insan doğma yurdlarından didərgin, ağır vəziyyətdə yaşamazdı. O üzdən, beynəlxalq qurumlarlar, həmsədr ölkələr buna görə siyasi və mənəvi məsuliyyət daşıyırlar. Eyni zamanda onların da üzərinə hüquqi məsuliyyət düşür”.
Partiya sədri hesab edir ki, o zaman olduğu kimi, indi də beynəlxalq güclər Ermənistana gərəkən siyasi təzyiqi göstərmir.
Vidadi ORDAHALLI