Erməni lobbisi hər fürsətdə Azərbaycana və Türkiyəyə qarşı təxribatlar törətməyə çalışır. Mümkün olan və olmayan bütün vasitələri işə salırlar ki, bu ölkələrə zərər vursunlar. Məlum olduğu kimi, 44 günlük müharibədə uğradıqları məğlubiyyəti heç cür həzm edə bilməyən erməni lobbisi davamlı olaraq Azərbaycan və Türkiyəyə qarşı müəyyən təşəbbüslərlə çıxış edir, qaralama kampaniyası aparır.
Bu arada Birləşmiş Ştatlarda erməni lobbisinin təşəbbüsü ilə Kürdüstanın amerikalı dostları (AFK), Amerika-Yunan şurası (HALC), xristianların müdafiəsi üçün (İDC), Yaxın Şərq forumu (MEF) və Amerikanın erməni milli komitəsi (ANCA) birləşərək ABŞ Dövlət Departamentinə müraciət imzalayıb. Müraciətdə “Bozqurdlar”ın xarici terror təşkilatları siyahısına daxil edilməsinə çağırılır. Müraciətdə iştirak edən təşkilatlar bu və ya digər formada erməni lobbisi ilə sıx təmasda olan, onlardan maliyyə yardımı alan təşkilatlardır. Məhz erməni lobbisinin fəaliyyətinin nəticəsi idi ki, 2020-ci ilin noyabrında Fransa prezidenti Emmanuel Makron “Bozqurdlar”ın ölkədə fəaliyyətinə qadağa qoydu.
Məlumat üçün qeyd edək ki, “Bozqurdlar” Alparslan Türkeş tərəfindən 1969-cu ildə Milliyyətçi Hərəkat Partiyasının gənclik təşkilatı olaraq yaradılıb. Təşkilatın məqsədi Türk milli ənənəsi, mədəniyyəti və ictimai nizamı əsasında Böyük Turanın yaradılmasıdır.
“Yaxşı olardı ki, ABŞ Dövlət Departamenti ASALA terror təşkilatını siyahıya salsın”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, bütün bunlar, erməni lobbisi başda olmaqla, bəlli dairələrin türk düşmənçiliyinin təzahürüdür: “Əslində bu yeni bir şey deyil. Uzun illərdir bu siyasət davam edir və böyük dövlətlər pərdəarxası bunu himayə edirlər. Bəzi Avropa ölkələri Türkiyənin siyasi-iqtisadi müstəvidə genişlənən nüfuzundan, təsir imkanlarından narahat olurlar. O üzdən, həmişə olduğu kimi, ermənilərdən və PKK tör-töküntülərindən bir alət kimi istifadə edirlər. Bunlar o dərəcədə narahatdılar ki, adicə “Bozqurd” işarəsindən belə əndişələnirlər. Bunun nəticəsidir ki, son illərdə bir çox Avropa ölkələrində “Bozqurd” işarəsinə qarşı qadağalar tətbiq olunur. Məsələn, 2018-ci ildə Almaniyada “Bozqurd” işarəsinin qadağan olunması ilə bağlı qərar qəbul edildi. Bununla bağlı təşəbbüs hakim Xristian Demokrat Partiyasından gəldi. Eləcə də, 2019-cu ildə Avstriyada bu işarələrdən istifadəni qadağan edən qanun qəbul edilib. Yaxşı olardı ki, ABŞ Dövlət Departamenti ASALA terror təşkilatını siyahıya salsın. Hansı ki, onlarla türk diplomatını qanına qəltan edib. Digər çoxsaylı terror aktları həyata keçirib. “Bozqurdlar” terrorçu deyil. Bunu Qərb ölkələri çox yaxşı bilir. Sadəcə, məqsədli şəkildə türklərə qarşı fəaliyyətə şərait yaradırlar. Nə qədər türk düşməni varsa onları bir araya gətirməyə çalışırlar”.
Şərqşünas hesab edir ki, xaricdə yaşayan bütün türk əsilli icmalar belə hallara qarşı fəaliyyətlərini əlaqələndirməlidir.
Vidadi ORDAHALLI