“Bizi “Taliban”dan xilas edin” deyə Əfqanıstanda yaşayan Azərbaycan türkləri fəryad edir. Soydaşlarımızın növbəti harayını “Bakı-Xəbər”ə soydaşımız Ahmad Tamim Afşar çatdırıb.
Əfqanıstanda yaşayan azərbaycanlılar adından “Bakı-Xəbər” vasitəsilə Azərbaycan Prezidenti İlham Əliyevə, eyni zamanda ayrı-ayrı dövlət qurumlarına ünvanladığı müraciətdə Ahmad Tamim Afşar Əfqanıstandakı soydaşlarımızın vəziyyətinin gərgin olduğunu və onların xeyli bir hissəsinin Afşar Nənəkçi qışlağına sığındıqlarını bildirir:
“Mən buradan öz adımdan da Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına üz tutaraq bu soydaşlarımıza...”
“1990-cı illərdən bəri Əfqanıstanda məzhəbçi qruplaşmaların hədəfinə tuş gələn, qırğınlara, təqiblərə, basqılara məruz qalan soydaşlarımız “Taliban”ın şəhərləri bir-bir ələ keçirməsi ilə əlaqədar təhlükədən qorunmaq üçün paytaxt Kabil şəhərindəki Afşar Nənəkçi qışlağına köçüb gəliblər. Bura onların son sığınacağıdır. İndi ümidləri Azərbaycanadır! İndi onlar qızlarının, oğullarının, körpə uşaqlarının həyatını qurtarmaq üçün bu dar gündə bizə üz tutublar. Mən buradan öz adımdan da Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan Xarici İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə və sadə Azərbaycan vətəndaşlarına üz tutaraq bu soydaşlarımıza əllərindən gələn köməyi etməyi xahiş edirəm. Bu insanların son pənahı Azərbaycandır. Əgər biz 50 milyon dünya azərbaycanlılarından danışırıqsa, Azərbaycan dövlətinin bu insanların qarşısında mənəvi atalıq borcu var”.
İradə SARIYEVA