Ermənistanın Ombudsmanı Arman Tatoyan diqqətçəkici tvit paylaşıb. Yazır ki, Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 14-də CNN Türk TV-yə müsahibəsindən və avqustun 16-da Laçın və Kəlbəcərə (təbii ki, bu rayonlarımızın adlarını öz dillərində əcaib ifadələrlə göstərir) səfər zamanı dediklərinin bəzi yerlərini kəsərək erməni və ingilis dillərində bütün təşkilat və qurumlarımıza göndərdim.Qoy görsünlər ki, İlham Əliyev ermənifobiyanı, milli düşmənçilik və nifrət hisslərini necə yayır.Tatoyanın dedikləri burada bitdi. İndi mən deyirəm.
Tatoyanın bütün tarixi saxtakarlıq və böhtan üstündə qurulmuş bir xalqın nümayəndəsi olduğunu nəzərə alaraq onun əslində öz əməllərini və xislətini Azərbaycan Prezidentinə aid etməsini kənara qoyaq. Daha ona öz zəhərlənmiş soydaşlarından başqa kimsə inanmaz. Tatoyanın tvit cızma-qarasında unikal mətləb onun İlham Əliyevdən hissə-hissə paylaşımları erməni və ingilis dillərində etməsidir. Diqqət edin, rus dilində yox, ingilis dilində. Adi bir nüans Tatoyanın mənsub olduğu hakimiyyətin rus dilinə, rus dövlətinə və rus xalqına münasibətini necə də dəqiq ehtiva edir?! Adam aydın nümayiş etdirir ki, Ermənistanın qurum və təşkilatlarında erməni və ingilis dilləri ruscanı ayaq altına alıb.
Həm də rus dilinə bu münasibəti adi birisi yox, Ombudsman ifadə edir. İndi Ermənistanı silahlandırmaqda davam edəcəklərini "suveren hüququmuzdur" deyərək əsaslandıran Zaxarova, oyuncaq qılıncı "Ermənistanın silahlandırılması başlandı" kimi təqdim edən Şoyqu, digərləri görsünlər ki, kimi himayə edirlər...
Aydın QULİYEV