İran Ermənistana arxa-dayaq durmağa davam edir. Müharibədən sonra İran TIR-ları Qarabağa sülhməramlıların nəzarətindəki Laçın dəhlizi vasitəsilə “yük” daşımağa başladılar. Özü də həmin torpaqların əsl sahibindən icazə almadan. Bu azmış kimi, İran indi də Qarabağın bərpası prosesinə sürətlə “qoşulub”. Özü də yenə ermənilər tərəfdən. Bu ölkədə fəaliyyət göstərən “jooiakar.com” saytında “Qarabağda tikinti işlərinə ustalar tələb olunur” başlıqlı elan yerləşdirilib. Özü də İran saytı həmin elanda utanmadan Qarabağın Ermənistan ərazisi olduğunu vurğulayır. Ustalara yüksək əməkhaqqı təklif edir. Iranın bizə yönəlik növbəti təxribatına hansı adı vermək olar?
“Yaxşı olar ki, həmin ustaları öz daxilindəki abadlıq işlərinə cəlb etsin”
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə bildirdi ki, əslində İranın bu addımı bizi təəccübləndirmir: “Çünki onlar tarix boyu bizə qarşı belə məkirli davranıblar. Qarabağın Ermənistan ərazisi kimi təqdim olunması Azərbaycanın parlaq qələbəsini həzm etməmək istəyindən irəli gəlir. Son vaxtlar Rusiya və İranın erməni sevgisi daha aşırı dərəcədə baş qaldırıb. Onlara belə məsələlərlə bağlı irad tutanda bunu dövlətin mövqeyinin olmaması ilə izah edirlər. Rusiya Ermənistana raket satır, izahını kommersiya marağının olduğu ilə izah edir. Hətta bir dəfə bunu özəl şirkətlərdən birinin üstünə atmışdılar ki, həmin alveri Ermənistanla həmin qurum edib. İndi İran hansısa sayt vasitəsilə Qarabağın ermənilər yaşayan hissəsində abadlıq işləri aparmaq üçün usta toplayır. Bizim tərəfdəki quruculuq işlərində niyə rəsmən iştirak etmək istəmirlər? Çünki niyyət saf deyil. İranın bir ölkə kimi hazırda yardıma ehtiyacı var. Əhalisinin böyük əksəriyyəti yoxsulluq içində yaşayır. Yaxşı olar ki, həmin ustaları öz daxilindəki abadlıq işlərinə cəlb etsin. Hesab edirəm ki, İran bu cür məkrli siyasətindən əl çəkməlidir. Unutmasınlar ki, Azərbaycanın da əlində onlara təzyiq rıçaqı kimi istifadə edə biləcəyi çoxlu vasitələr və mövzular var. Yaxın qonşuluq əlaqələrini qorusunlar. Azərbaycanın onlara olan münasibətinə qarşı adekvat mövqe sərgiləsinlər”.
Məhəmmədəli QƏRİBLİ