Məlum olduğu kimi, Ermənistanın baş naziri rəhbərlik etdiyi hökumətin 2021-2026-cı illər üçün fəaliyyət proqramını açıqlayıb. Proqramda bir sıra məsələlər öz əksini tapıb.
Ancaq Paşinyanın beşillik proqramında elə məqamlar da var ki, bunlar Ermənistanın növbəti beş ildə Azərbaycanla hərtərəfli sülhə gəlmək niyyətlərinin olmadığına dəlalət edir. Bura Azərbaycan ərazilərinin hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan hissəsinə, yəni ləğv edilmiş Dağlıq Qarabağ muxtar vilayətinin ermənilər yaşayan qisminə aid yanaşma daxildir. Orada deyilir ki, Ermənistan hökumətinin vəzifəsi yaxın illərdə “artsax xalqının təhlükəsizliyinin, Qarabağ münaqişəsinin dinc və hərtərəfli nizamlanmasının təmin edilməsi” olmalıdır. Bununla yanaşı, qeyd edilir ki, Ermənistan hökuməti münaqişənin (hansı ki, Dağlıq Qarabağ adlı münaqişə daha mövcud deyil və Azərbaycan 30 il davam etmiş bu münaqişəni hərbi yolla həll edib) yekun həllini ATƏT-in Minsk Qrupunun rəhbərliyi altında və “Dağlıq Qarabağın statusunun yaxşı məlum olan prinsip və elementlər, o cümlədən öz müqəddəratını təyin etmə” əsasında müəyyən edilməsində görür. Proqramın digər hissəsində deyilir ki, Qarabağda müharibə sonrası bərpa, iqtisadi həyatın dirçəldilməsi, sosial problemlərin həlli hökumətin diqqət mərkəzində olacaq. Hökumət “artsax hakimiyyəti” ilə əməkdaşlığı dərinləşdirəcək, yeni “əməkdaşlıq standartı” yaradacaq. Habelə bildirilir ki, Ermənistan bundan sonra da “artsax xalqının təhlükəsizliyinin qarantı” olacaq.
O baxımdan sözügedən proqramda Qarabağa dair əksini tapan təhdidedici məqamları məqamları ekspertlər necə dəyərləndirir?
“Reallıqlarla barışmaq əvəzinə, ağ vərəqlər üzərində “beşillik proqramlar” hazırlayıblar”
Məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev buna bir neçə aspektdən yanaşdı: “Əslində, Paşinyan hakimiyyəti bu proqramla öz xalqına acı məğlubiyyəti unutdurmaq missiyasını qarşısına qoyub. Yəni məğlubiyyəti guya unutdurub, gələcəyə yönəlik tədbirlərlə "dividendlər" qazanmaq istəyirlər. Əlbəttə, belə manipulyativ addımlar çox keçmədən öz "bəhrəsini" verəcək. Yəni mütləq fiasko ilə nəticələnəcək. Artıq dünya dövlətləri Azərbaycanın yaratdığı reallıqları qəbul edib. Dövlətimiz öz suverenliyini addım-addım bərpa edərək, prosesin yekun mərhələsini tamamlamaqdadır. Beynəlxalq aləmdə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı heç bir mübahisəli mövzu mövcud deyil. Dağlıq Qarabağ muxtar vilayəti adlı inzibati ərazi vahidi yoxdur. Mövcud olan yeni inzibati ərazimiz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarıdır ki, bu da Azərbaycan Konstitusiyasında və qanunvericilik aktlarında nəzərdə tutulmuş norma və prinsipləri özündə əks etdirir. Ermənistanın hakimiyyət dairələri bir məsələni dərk etməlidirlər ki, Azərbaycanın beynəlxalq hüquq tərəfindən təsbit edilmiş ərazisində yeganə idarəetmə səlahiyyət hüquqi dövlətimizə və xalqımıza məxsusdur. Bu günlərdə Prezident İlham Əliyevin Basarkeçərlə bağlı çıxışına hay-küy qaldıran erməni siyasətçiləri birdəfəlik anlamalıdırlar ki, BMT-nın 1948-ci Ümumdünya İnsan Haqları Bəyannaməsi indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş qaçqınlarımızın öz doğma yurdlarına qayıtmasını özündə əks etdirir. Ermənistan hakimiyyəti bütün bunları dərk etmək əvəzinə, işğal zamanı Azərbaycana vurduğu yüz milyardlarla ziyana görə təzminatı düşünmək əvəzinə, xam xəyallar qurur. Reallıqlarla barışmaq əvəzinə, ağ vərəqlər üzərində “beşillik proqramlar” hazırlayıblar. Azərbaycan dövlətinin ərazisində "artsax" adlı qurum yoxdur. Sadəcə, Qarabağ iqtisadi rayonumuzda ermənilər yaşayır. Onlar da tezliklə Azərbaycan yurisdiksiyasına tabe olmaqla ölkə vətəndaşlığına inteqrasiya olunacaqlar”.
O baxımdan sədr müavini hesab edir ki, ermənilərin başqa alternativi yoxdur.
Vidadi ORDAHALLI