Mərkəzi Seçki Komissiyasının (MSK) keçirilən iclasında respublika üzrə Dairə Seçki Komissiyalarının (DSK) tərkibinin yenidən formalaşdırılması məsələsinə baxılıb.
Iclasa sədrliyi MSK sədri Məzahir Pənahov edib. Müzakirələrdən sonra respublika üzrə 125 DSK-nın tərkibinin yenidən formalaşdırılması barədə qərar qəbul ediləcək.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, hər Dairə Seçki Komissiyasının (DSK) 9 üzvü olur. Onlardan üçünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, üçünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən, üçünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclisin deputatlarını MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur. DSK-larla bağlı baş verən prosesə müxtəlif yanaşmalar ortaya qoyulur. Bəziləri hesab edir ki, bu addım payızda gözlənilən növbədənkənar seçkilərə hazırlıq üçün atılır, digərləri isə bunun adi prosedur olduğunu qeyd edir. Əslində nə baş verir?
Məhərrəm Zülfüqarlı: “Komissiyaların tərkibi Seçki Məcəlləsinin tələbinə uyğun olaraq yenidən formalaşdırılır”
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, həm MSK, həm də DSK-lar parlament seçkilərindən sonra yenidən formalaşır: “Biz bunu ötən seçkilərdən sonra da dəfələrlə görmüşük. Orda azlıq, çoxluq və bitərəflər var. Söhbət parlament tərkibində olan partiyaların qazandığı səs nisbətindən gedir. Bu üç qrupun təqdim etdiyi adamlardan formalaşacaq. Təbiidir ki, parlament seçkilərindən sonra dəyişilməliydi. Elə partiya var ki, əvvəl təmsil olunsa da , bu il Milli Məclisə düşə bilməyib. Onun üzvləri həm MSK, həm də DSK-dan çıxarılaraq, yenilərilə əvəz olunur. Məsələn “Ümid”, “Milli Dirçəliş Hərəkatı” partiyaları MSK və DSK-larda təmsil olunurdu, ancaq bu dəfə səs ala bilməyiblər, onların üzvləri “Milli Cəbhə”, “Real” kimi yeni təmsilçilik qazanmış partiyaların təmsilçilərilə əvəzlənəcək. Hətta həmin partiyalar yenidən parlamentə düşsəydi belə, yenilənmə olmalıydı. Komissiyaların tərkibi Seçki Məcəlləsinin tələbinə uyğun olaraq yenidən formalaşdırılır. Bunun hansısa başqa amillərlə əlaqələndirilməsi doğru deyil”.
Mehman Muradlı: “Hətta parlmentin tərkibindəki siyasi qüvvələr nisbəti dəyişməz qalsa belə, MSK və DSK-ların tərkibi yenilənməlidir”
Hüquqşunas Mehman Muradlı da qəzetimizə bildirdi ki, bu, Seçki Məcəlləsinin tələbindən irəli gələn prosesdir: “Təəssüf ki, qanunun tələblərində yaxşı məlumatı olmayan şəxslər bu məsələ ilə bağlı fərqli mülahizələr irəli sürürlər. Hər parlament seçkilərindən sonra bu proses həyata keçirilir. Hətta parlmentin tərkibindəki siyasi qüvvələr nisbəti dəyişməz qalsa belə, MSK və DSK-ların tərkibi yenilənməlidir”.
Məhəmmədəli QƏRİBLİ