Kosovo, Azərbaycan da daxil olmaqla, bəzi ölkələrə sorğu göndərərək müstəqilliyinin tanınmasını xahiş edib. Bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç ölkənin cənubundakı Brus şəhərinə səfəri zamanı bildirib: “Mən az əvvəl Priştinadakı müdafiə nazirinin sorğusunu görmüşəm, xahiş edir ki, Gürcüstan, Ukrayna, Azərbaycan və daha bir neçə ölkə Kosovonun müstəqilliyini tanısın. Yaxşı ki, bu haqda bizi məlumatlandırıblar, sağ olsunlar”.
Prezident onu da qeyd edib ki, Priştinanın bu hərəkəti Vaşinqton razılaşmasına ziddir, eyni zamanda Belqradın “əl-qolunu açır” və indi Serbiya anlayır ki, hansı istiqamətdə hərəkət etmək lazımdır: “Onlar bu şəkildə bizə istiqamət göstəriblər və biz öz işimizi görəcəyik”.
Qeyd edək ki, Vaşinqton razılaşmasına əsasən, 2021-ci il sentyabrın 1-nə qədər Priştina Kosovonu tanımaq üçün yeni dövlətlərə müraciət etməyəcək. Əvəzində Belqrad separatçı bölgənin tanınmasının ləğv edilməsinə dair fəaliyyətini dayandıracaq. Kosovonun müstəqilliyini, ABŞ başda olmaqla, bir sıra Qərb ölkələri tanıyıb, amma Serbiya bu bölgəni öz ərazisi hesab edir. Azərbaycana gəldikdə isə rəsmi Bakı həmişə Serbiyanın ərazi bütövlüyünü tanıyıb və Belqradla yaxşı münasibətlərə malikdir. Qarabağ amili də bu məsələdə müəyyən rol oynayıb. Ancaq o da var ki, artıq Azərbaycan ötən il güc yolu ilə Qarabağ məsələsini həll edib. Bu baxımdan maraqlıdır, Azərbaycan Kosovonun müstəqilliyinin tanınması məsələsində hansı addımı atmalıdır?
“Azərbaycan belə bir addım atarsa, o zaman Qarabağdakı erməni separatçıların “müstəqilliyinin” tanınması ilə bağlı proseslər gedə bilər”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin sözlərinə görə, Kosovonun müstəqilliyini tanımaq məsələsində tələskənliyə yol vermək olmaz: “Sözügedən məsələdə Azərbaycan öz maraqlarına uyğun addım atmalıdır. Elə məsələlər var ki, hansısa tələsik qərarlar böyük dövlətlərin maraqlarına uyğundur, bizim maraqlara uyğun deyil. Ona görə də biz indiki şəraitdə son dərəcə ehtiyatlı davranmalıyıq. Problem ondadır ki, Azərbaycan belə bir addım atarsa, o zaman Qarabağdakı erməni separatçıların “müstəqilliyinin” tanınması ilə bağlı proseslər gedə bilər. Kim zəmanət verir ki, Kosovonun müstəqilliyini tanıdığımız təqdirdə belə bir hal baş verməyəcək? Ermənilər bundan istifadə etmək üçün pusquda dayanıblar. Ona görə də son dərəcə diqqətli olmaq lazımdır. Ümid edirəm ki, ölkə hakimiyyəti Azərbaycanın maraqlarına uyğun qərar verəcək. Azərbaycanın maraqları nə tələb edirsə, o cür davranmalıyıq. Bəli, Kosovoda yaşayanlar müsəlmandır, Türkiyə ilə çox yaxın əlaqələri var və s. Ancaq Qarabağ məsələsinə görə biz tələsik hansısa qərar verə bilmərik. Çünki Azərbaycan balaca ölkə olduğuna görə, sağdan-soldan zərbəyə məruz qalmamalıdır. Hansısa dövlətə fürsət verə bilmərik ki, bunu bəhanə edib Qarabağ məsələsində bizə qarşı fəaliyyətə başlasın”.
Bütün bu amillərdən çıxış edən partiya sədri hesab edir ki, biz tələsməməliyik.
Vidadi ORDAHALLI