Bir neçə gün əvvəl Azərbaycan Prezidenti CNN Türk TV-yə müsahibəsində "Rusiya Ermənistanı silahlandırmaqdan geri durmalıdır" və "Onsuz da Azərbaycanla Ermənistan arasında qüvvələr balansı yaratmaq mümkün olmayacaq" kimi ünvanlı bəyanatlar səsləndirib. Rusiya XİN sözçüsü Mariya Zaxarova Prezidentin hər iki bəyanatı ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, silah tədarükü Rusiyanın suveren hüququdur:
“Bu barədə çox oxuyuruq və eşidirik. Ancaq diqqətinizi çəkmək istərdim: biz həm Ermənistan, həm də Azərbaycanla müvafiq qarşılıqlı əlaqə qurmuşuq. Bunu edərkən, bölgədə güc balansının qorunması ehtiyacını nəzərə alırıq".
Heç şübhəsiz, Prezident Əliyevin birinci bəyanatına cavabdır. Yəni Rusiya diplomatik dildə Ermənistana silah verilməsinin davam etdiriləcəyini bəyan edir. Zaxarovadan daha bir sitat: “Azərbaycan və Ermənistanla müvafiq əməkdaşlıq içindəyik. İki ölkə arasında balansın qorunmasına xususi diqqət edirik". Bu isə Prezidentin ikinci bəyanatına açıq cavabdır. O deməkdir ki, Azərbaycanla Ermənistanın arasında balansın pozulmasına imkan verməyəcəklər.
Zaxarovanın bu açıqlamasından daha hansı nəticələri çıxara bilərik?
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, Zaxarovanın bu açıqlaması Rusiyanın iç üzünü bir daha açıb ortaya qoydu: “Bəli, silah satışı istənilən ölkənin suveren hüququdur. Ancaq bizim şərh etdiyimiz məsələdə bu hüquq arxa plana keçir. Biz də bilirik ki, dünyada çox az sayda silah istehsal edib, onun satışını təşkil edən ölkələr var. Bu çox gəlirli sahə olduğu üçün, silah istehsalçısı olan ölkələr arasında ciddi rəqabət də var. Yəni istənilən ölkə istəyir ki, alıcısı çox olsun. Azərbaycan Rusiyanın hansısa Afrika ölkəsinə silah satmasına etiraz etsə, bu yersiz olar. Onda Rusiyanın bu cavabına haqq qazandırmaq olardı. Burada söhbət bir-birilə müharibə etmiş və hər an yenidən toqquşa biləcək iki ölkə arasında baş verənlərdən gedir. Rusiya burada həm də özünü neytral arbitr kimi göstərməyə çalışır. Hər iki tərəf onun neytrallığına inanıb sülhməramlı missiyanı həvalə edib. Belə bir ölkə hazırda revanşist hisslərlə alışıb-yanan Ermənistana silah verirsə, deməli, bu açıq-aşkar siyasi dəstəkdir. Burada kommersiyadan söhbət gedə bilməz. Çünki Ermənistan rəzil gündədir. Onun Rusiyadan pul verib silah tədarük etməyə imkanı çatmaz. Deməli, Rusiya həmin silahları Ermənistana pulsuz verir. Burada heç bir balansdan söhbət gedə bilməz. Bununla bir daha sübut olundu ki, Şoyqu Ermənistana məhz bu dəstəyi reallaşdırmaq üçün səfər etmişdi. Bu bəyanat bir daha Rusiyanın öz üzərinə düşən barışdırıcı missiyada səmimi olmadığını göstərir. Azərbaycan Rusiyadan öz pulu ilə silah alır. Bu o demək deyil ki, başqa ölkələrlə belə alveri edə bilməz. Zaxarova bunu əsas gətirib ölkəsinin Ermənistanı silahlandırmasına haqq qazandırırsa, Azərbaycan həmin ölkədən silah tədarükünü də tam saxlaya bilər. Eyni zamanda bu hal Azərbaycana Rusiyanın Qarabağda oynadığı rolu yenidən nəzərdən keçirmə imkanı verir. Zaxarova demək istəyir ki, güya Ermənistanı silahdırmaqla bizim səviyyəmizə çatdırıb, balansı qorumağa çalışırlar. Azərbaycanın imkanı var ki, daha müasir silahlar əldə etsin və bunu da edir. Rusiya istəsə də, Ermənistanı bizimlə eyni gücə çatdıra bilməyəcək”.
Məhəmmədəli QƏRİBLİ