Bu günlərdə Azərbaycan Prezidenti “CNN Türk” TV-yə müsahibəsində "Rusiya Ermənistanı silahlandırmaqdan geri durmalıdır" və "Onsuz da Azərbaycanla Ermənistan arasında qüvvələr balansı yaratmaq mümkün olmayacaq" kimi ünvanlı bəyanatlar səsləndirib.
Bu barədə “Bakı-Xəbər” media qrupunun rəhbəri, poltoloq Aydın Quliyev rəsmi Facebook səhifəsində yazıb.
Aydın Quliyev daha sonra bildirir:
Rusiya XİN sözçüsü Mariya Zaxarova Prezidentimizin hər iki bəyanatı ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. Mariya Zaxarovadan sitat: "Silah ixracı Rusiyanın suveren hüququdur". Heç şübhəsiz ki, bu, Prezident Əliyevin birinci bəyanatına cavabdır.
Yəni Rusiya rəsmisi diplomatik dildə Ermənistana silah verilməsinin davam etdiriləcəyini bəyan edir. Zaxarovadan daha bir sitat: "Azərbaycan və Ermənistanla müvafiq əməkdaşlıq içindəyik. İki ölkə arasında balansın qorunmasına xüsusi diqqət edirik". Bu isə Prezidentin ikinci bəyanatına açıq cavabdır. O deməkdir ki, Azərbaycanla Ermənistanın arasında balansın pozulmasına imkan vermərik. Demək, bir neçə gün əvvəl Şoyqunun erməni nazirə simvolik qılınc bağışlayaraq "hesab edin ki, Ermənistanın silahlandırılması başladı" anonsu təsadüfü deyilmiş...