“CNN Türk” televiziya kanalına müsahibəsində Prezident İlham Əliyev deyib ki, bu gün Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilər də bizim cəmiyyətimizə mütləq inteqrə edilməlidir, onlar üçün bu daha böyük fürsətlər yaradacaq.
Bakıdakı erməni kilsəsinin təmir olunduğunu vurğulayan Prezident qeyd edib: “O, şəhərin mərkəzində yerləşir və əgər oraya kimsə getsə görər ki, orada 5 minə yaxın erməni kitabı var. Amma bizim məscidlərimizə nə etdilər? Müqayisə üçün deyim ki, 60-dan çox məscidimizi yerlə bir etdilər. Ona görə bu gün Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilər də bizim cəmiyyətimizə mütləq inteqrə edilməlidir, onlar üçün bu daha böyük fürsətlər yaradacaq”.
Prezident İlham Əliyev bildirib ki, ümumilikdə Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan arasındakı üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımlar atılmalıdır və biz buna hazırıq. Prezidentin üç Cənubi Qafqaz ölkəsi arasında əlaqələrin yaradılması təklifi necə həyata keçə bilər və bunun üçün ilk olaraq kim addım atmalıdır?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan hər zaman sağlam əməkdaşlığın tərəfdarı olub: “Bundan əvvəl də Azərbaycan və Türkiyə prezidentləri üç region ölkəsini əhatə edən 3+3 formatının zəruriliyini bildiriblər. Prinsip etibarı ilə bütün ölkələr buna razılıq verib. Düzdür, Prezident son çıxışlarından birində dedi ki, Gürcüstan Rusiya ilə münasibətlərini əsas gətirib formatdan imtina etmək istəyir. Ancaq əməkdaşlıq formatı elan ediləndə biz hər hansı bir etirazı görmədik. Üç ölkənin birgə əməkdaşlığı isə regionun təhlükəsizliyi üçün olduqca önəmlidir. Düşünürəm ki, 3 ölkə arasındakı əməkdaşlıq alınarsa, 3+3 formatı ilə bağlı da hər hansı problem qalmaz. Azərbaycan 3 ölkənin əməkdaşlığına hazır olduğunu bildirib. Biz 100 il bundan əvvəl də yaşadığımız coğrafiyada sülhün olmasını istəyirdik. Ancaq ermənilər gah gürcülərlə, gah bizimlə müharibə edib, buna imkan vermədilər. İndiki əməkdaşlıqla bağlı tərəfimizdən ifadə olunan arzunun içərisində vacib məqamlar var. İlk addımları Ermənistan atmalıdır. Əvvəlcə Qarabağdan qoşunlarını çıxartmalıdır, ardınca iki ölkə arasında olan sərhədi tanımalıdır və bununla da Azərbaycana ərazi iddiasının olmadığını təsdiqləməlidir. Yəni Ermənistanın mövcud reallıqları qəbul etməsi bu əməkdaşlıq üçün ilkin addım olar. Bu əməkdaşlığın mərkəzində Zəngəzur dəhlizi dayanır. Ermənistan həm də həmin dəhlizlə bağlı olan mənasız iddialarından əl çəkməlidir. Gürcüstanın hər iki ölkə ilə münasibətləri normaldır. Hətta biz onlar tərəfindən bir uğurlu vasitəçilik təşəbbüsünü də gördük. Erməni diversantlarının həmin ölkəyə verilməsinin əvəzində minalanmış xəritələrin bizə təqdim olunması ilə bağlı uğurlu vasitəçilik missiyasını da Gürcüstan üzərinə götürmüşdü. Ermənistanın bu yolu seçməkdən başqa şansı qalmayıb. Qarabağdakı erməni əhali isə normal yaşamaq üçün bizim yurisdiksiyanı qəbul etməlidir. Ölkə başçısı da bunun zəruriliyini dedi”.
Məhəmmədəli QƏRİBLİ