“Son 10 il ərzində nədən söhbət gedirdi - beş rayon Azərbaycana qaytarıla bilər, Kəlbəcər və Laçın rayonları isə keçmiş Dağlıq Qarabağda referendum keçiriləndən sonra Azərbaycana qaytarıla bilər”. Bu sözləri Prezident İlham Əliyev Kəlbəcərə səfəri zamanı çıxışında söyləyib.
Ölkə başçısının sözlərinə görə, torpaqlarımızı azad etmək üçün addımlarımızı elə atırdıq ki, bütün torpaqlar azad olunsun: “Artıq bu da sirr deyil ki, danışıqlar dövründə masa üzərində olan təkliflər bizim maraqlarımızı qane etmirdi. Mən bunu açıq bəyan etmişdim və məhz buna görə təklif edilən varianta razılıq vermirdim. Çünki son 10 il ərzində nədən söhbət gedirdi - beş rayon Azərbaycana qaytarıla bilər, Kəlbəcər və Laçın rayonları isə keçmiş Dağlıq Qarabağda referendum keçiriləndən sonra Azərbaycana qaytarıla bilər. Əlbəttə, biz buna heç cür razı ola bilməzdik. Çünki heç bir referendumdan söhbət gedə bilməzdi. Mənim siyasətim ondan ibarət idi və mən bunu açıq şəkildə bəyan edirdim ki, bizim bütün torpaqlarımız işğalçılardan azad edilməlidir, ərazi bütövlüyü tam bərpa edilməlidir, bizə məsələnin yarımçıq həlli lazım deyil. Məhz buna görə edilən təkliflərə Azərbaycan tərəfi razılıq vermirdi”.
Belə məlum olub ki, Azərbaycanın mənafeyinə uyğun olmayan bu düstur məhz Kazan görüşündən sonra formalaşıb. Çünki Kazan görüşü 10 il əvvəl 2011-ci ilin iyununda keçirilib.
“Ancaq prezidentin siyasi iradəsi, qətiyyəti sayəsində bu planların heç biri reallaşmadı”
Məsələyə münasibət bildirən millət vəkili, politoloq Elman Nəsirovun sözlərinə görə, cənab prezident heç vaxt Azərbaycanın mənafeyinə uyğun olmayan şərtləri qəbul etməyəcəkdi: “Bu, belə də oldu. Müəyyən dairələr istəyirdilər ki, Azərbaycan işğal reallığı ilə barışsın. Ancaq prezidentin siyasi iradəsi, qətiyyəti sayəsində bu planların heç biri reallaşmadı. Məlum oldu ki, bizim mənafeyimizə uyğun olmayan sülh şərtləri qəbul edilməyəcək. Azərbaycan qarşısına qoyduğu istənilən hədəfə çatmaq iqtidarında olan və eyni zamanda, Ali Baş Komandanının rəhbərliyi ilə yeni bir tarix yazan, yeni reallıqlar yaradan dövlətdir. Xüsusilə də 44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandanın rəhbərliyi ilə yenilməz ordumuzun qazandığı tarixi qələbə sözün həqiqi mənasında Azərbaycanın gücünü və potensialını ortaya qoydu. Tarixi qələbəmiz onu təmin edən üç mühüm amili də ortaya qoydu. Birincisi, Ali Baş Komandanın siyasi iradəsi, ikincisi, ordumuzun Ali Baş Komandanın rəhbərliyi ilə göstərdiyi qəhrəmanlıq, üçüncü həlledici amil isə xalqın birbaşa dəstəyidir. Bütün bunların sayəsində müəyyən beynəlxalq siyasi dairələr, anti-Azərbaycan qüvvələr ölkəmizlə bağlı çirkin niyyətlərini həyata keçirmək üçün heç bir münbit şərait əldə edə bilmirlər. Bunun səbəbi həm də onunla bağlıdır ki, Prezident İlham Əliyev müstəqil, xalqının milli mənafeyindən irəli gələn siyasət həyata keçirir. Prezidentin Kəlbəcər və Laçına səfəri çox böyük məna və əhəmiyyət kəsb edirdi. Bu səfər bir daha göstərdi ki, ortada ölkə başçısının və xalqının siyasi iradəsi var. Bizim çox geniş və çoxşaxəli resurslarımız var. Bütün bunların nəticəsində işğaldan azad edilən rayonların bərpası və yenidən qurulması sürətlə qurulmaqdadır. Kəlbəcər və Laçında atılan addımlar bir daha bunu təsdiq edir. Bütün görülən işlər Qarabağın və Şərqi Zəngəzurun simasını dəyişəcək”.
Millət vəkili hesab edir ki, cənab prezident tarixi zəfərə imza atmaqla, onun qurduğu və gücləndirdiyi ordu şücaət göstərib torpaqlarımızı işğaldan azad etməklə əslinddə tarixi reallıqları yaratdı.
Vidadi ORDAHALLI