Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupu yenidən işə başlayıb. Bu barədə Rusiya hökumətinin saytında məlumat verilib. Moskvada keçirilən növbəti görüşdə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, onun ermənistanlı həmkarı Mqer Qriqoryan və Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk iştirak edib:
“Avqustun 17-də Moskvada keçirilən görüşdə tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivləri və Azərbaycan prezidenti, Ermənistan baş naziri və Rusiya prezidentinin 2021-ci il yanvarın 11-də imzaladıqları Bəyanatın yerinə yetirilməsi məsələləri müzakirə olunub". Qeyd edək ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev iyunda bildirmişdi ki, Ermənistanda yeni hökumət formalaşandan sonra İşçi qrupu fəaliyyətini davam etdirəcək. Ancaq Ermənistan 3 aya yaxın müddət idi ki, bu formatda iştirakını yubadırdı. Azərbaycan buna Ermənistanı necə məcbur edə bildi?
Rauf Qurbanov: “Azərbaycanla sülh sazişini imzalaması Ermənistanın düşdüyü şəraitdən yeganə çıxış yoludur”
Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanı danışıqlara 10 noyabr 2020-ci ildə üç dövlət başçıları arasında əldə olunmuş razılaşma məcbur etdi: “Ermənistanın bu razılaşmadan imtina etməyə imkanı yoxdur. Danışıqları bərpa edərək yaxın gələcəkdə Azərbaycanla sülh sazişini imzalaması Ermənistanın düşdüyü şəraitdən yeganə çıxış yoludur. Ermənistan hansı istiqamətlər üzrə pozuculuq edirsə, Azərbaycan tərəfindən layiqli cavabını alır. Artıq Azərbaycan qalib ölkədir və prosesləri diqtə edən tərəfdir. Ermənistan anlayır ki, vaxtı uzatmaqla nəyəsə nail ola bilməyəcək. Bu səbəbdən də üçtərəfli təmasa razılaşıblar. Ermənistanın inkişafı üçün yaxşı şans yaranıb. Revanşist mövqe onları növbəti uçuruma apara bilər. Çünki onların Azərbaycanla daha bir müharibə etməyə potensialları qalmayıb. Cənab Prezident bütün aspektlər üzrə Azərbaycanın mövqeyini Kəlbəcər və Laçına səfəri zamanı nəzərə çatdırdı. Ermənistan bizimlə razılaşmağa məhkumdur”.
Əhəd Məmmədli: “Ermənilərin kompromisdən başqa çıxış yolları qalmır”
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə bildirdi ki, bu il yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün yekunları ilə bağlı baş nazirlərin müavinlərindən ibarət Üçtərəfli İşçi qrupun yaradılması qərara alınıb: “Ancaq biz görürdük ki, Ermənistan tərəfi sərhəddəki vəziyyəti bəhanə edərək prosesdən yayınır. Azərbaycan sərhədlərin dəqiqləşdirilməsilə bağlı ortaya konkret mövqe qoyub. Eləcə də digər məsələlərdə nümayiş etdirdiyimiz prinsipiallıq erməniləri geri çəkilməyə vadar edir. Belə də olmalıdır. Qalib ölkə özünü məhz bu şəkildə aparmalıdır. Prezidentin son çıxışlarında verdiyi bəynatlar çox önəmlidir. Hətta xəbərdarlıqlar var ki, Azərbaycan başqa tarixi torpaqlarına da geri qayıda bilər. Təsüdüfi deyil ki, Prezident, hətta hazırda Ermənistan ərazisində olan bəzi tarixi yerlərimizin də adını qeyd etdi. Ermənilərin kompromisdən başqa çıxış yolları qalmır”.
Məhəmmədəli QƏRİBLİ