Prezidenti İlham Əliyev Kəlbəcər rayonuna səfəri zamanı çıxışında bir sıra məsələlərə toxunub, o cümlədən də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları barədə danışıb: “Mənim Sərəncamımla 14 iqtisadi rayon yaradıldı.
Onların arasında iki iqtisadi rayonun yaradılması diqqət çəkdi – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı. Hesab edirəm ki, bu da çox düzgün addımdır. Bu, həm tarixə əsaslanır, eyni zamanda, gələcəyə əsaslanır. Çünki həm Qarabağ, həm Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar birləşdi. Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi”.
“Qarabağ iqtisadi zonası iqtisadi cəhətcə inkişaf edərsə, artıq bir çox məsələlər avtomatik olaraq öz həllini tapacaq”
Millət vəkili Aydın Mirzəzadə qəzetimizə şərhində qeyd etdi ki, ölkə başçısının sərəncamı ilə yaradılan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının gələcək perspektivləri çox yüksəkdir və əhəmiyyətlidir: “Cənab Prezident birincisi tarixi ədaləti bərpa etdi. Nəhayət ki, həmin zonanın, Zəngəzurun adı dilimizə, rəsmi sənədlərə qayıtdı. Ermənistan bunu istəsə də, istəməsə də qəbul etməlidir. Son yüzildə Ermənistan tarixi Azərbaycan torpaqlarının adını öz rəsmi sənədləri ilə dəyişib. Cənab Prezident ilk növbədə Şərqi Zəngəzurun iqtisadi inkişafı ilə bağlı görülən işlərdən danışdı. Artıq bu iqtisadi inkişafın əsası qoyulub, infrastruktur qurulur, gələcəkdə bu zonanın inkişafı ilə bağlı daha yeni addımların şahidi olacağıq. Eyni zamanda cənab Prezident Ermənistana sülh müqaviləsi bağlamaq, ərazi bütövlüyünü tanımaq təklifini irəli sürdü. Ermənistan bunu etməlidir, özünün maraqlarına görə etməlidir. Onu etməsə Ermənistan düşdüyü uçurmdan çıxa bilməyəcək, iqtisadiyyatı məhv olacaq, o öz əhalisinin ağır sosial-iqtisadi problemlərini həll edə bilməyəcək. Yəni tarixən Zəngəzur bir olub, amma sonradan ərazinin bir hissəsi Ermənistana verilib, amma bu gün Ermənistan onun adını dəyişib. Ermənistanla normal münasibətlər qurulandan, ikitərəfli əlaqələr genişlənəndən sonra bu vahid bir iqtisadi zona ola bilər. Birgə layihələr həyata keçirmək, investisiya qoymaq olar. Bu baxımdan mən Zəngəzurun gələcəyini çox maraqlı görürəm. Bunun reallaşması üçün Azərbaycan öz tərəfindən addımlar atır”.
A.Mirzəzadənin sözlərinə görə, Prezident əsasən Zəngəzur bölgəsi üzərində dayandı, şübhəsiz ki, onun iqtisadi zonaların geniş təsnifatında vahid bir Qarabağ iqtisadi zonası yaradılıb: “Yəni bunu artıq bölmək mümkün deyil və bu iqtisadi zonanın özünün spesifik inkişafı var. Bu o zonanın infrastrukturunun bərpasıdır, kommunikasiyaların qurulmasıdır, ilk növbədə kənd təsərrüfatının ayağa qaldırılmasıdır, fermer təsərrüfatlarının yaradılmasıdır, buranın turizmin inkişafı üçün çox böyük əhəmiyyəti var. Eyni zamanda, Qarabağ iqtisadi zonası iqtisadi cəhətcə inkişaf edərsə, artıq bir çox məsələlər avtomatik olaraq öz həllini tapacaq”.
İradə SARIYEVA