“Təkcə Zəngəzur dəhlizindən söhbət getmir, - bizim Ermənistanla digər nəqliyyat layihələrimiz ola bilər”. Bu barədə Prezident İlham Əliyev “CNN Türk” televiziyasıa müsahibəsində deyib.
Ölkə başçısının sözlərinə görə, 3+3 formatına müsbət baxır: “Mən əziz qardaşım sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla bu məsələni dəfələrlə müzakirə etdim və bizim mövqeyimiz üst-üstə düşür. Biz bu formatı dəstəkləyirik və ümid edirik ki, digər ölkələr də buna qoşulacaqlar. Mən bilirəm ki, Gürcüstan tərəfi buna hazır deyil. Çünki Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər yoxdur. Bu, Gürcüstanın mövqeyidir, biz bu mövqeyə hörmətlə yanaşmalıyıq. Amma buna baxmayaraq, regional işbirliyi, sabitliyin təmin olunması və gələcəkdə müharibə risqinin sıfra endirilməsi üçün bölgə ölkələri arasındakı əlaqələr çox önəmlidir. Burada konkret layihələr də müzakirə oluna bilər. Çünki bu, sadəcə olaraq siyasi təşəbbüs deyil. Burada, ilk növbədə, Zəngəzur dəhlizinin və digər yolların açılması, - çünki təkcə Zəngəzur dəhlizindən söhbət getmir, - bizim Ermənistanla digər nəqliyyat layihələrimiz ola bilər. Ondan sonra ticarət əlaqələrinin bərpası, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi. Yəni bütün bunlar çox önəmli məsələlərdir”.
Maraqlıdır, Zəngəzur dəhlizindən başqa digər nəqliyyat layihələri deyilərkən söhbət hansı nəqliyyat layihələrindən gedə bilər?
“Laçından Gorus və Sisyan rayonlarından keçməklə Naxçıvana yeni dəhliz açmaq mümkündür”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı alim, professor Əli Əlirzayev bununla bağlı bir sıra məqamlara toxundu: “Əvvəla, Ermənistanın dənizə çıxışı yoxdur. Digər alternativlər də o qədər də əlverişli deyil. Ona görə də bu ölkənin çıxışı Azərbaycan üzərindən istənilən ölkəyə ola bilər. Yeni nəqliyyat layihələri deyilərkən burada Qazax-İcevan dəmir yolunun bərpasından söhbət gedə bilər. Yeri gəlmişkən onu da qeyd edim ki, o vaxt Naxçıvandan İrəvana getməklə bu yoldan da istifadə olunurdu. Laçından Gorus və Sisyan rayonlarından keçməklə Naxçıvana yeni dəhliz açmaq mümkündür. Nəzərə almaq lazımdır ki, həmin istiqamətdə avtomobil yolları mövcuddur. Ancaq məsafə baxımından ən qısa dəhliz Zəngəzur dəhlizidir. Üstəlik, bu dəhliz 4 ölkəni - Azərbaycan, İran, Ermənistan və Türkiyəni biləşdirən, əlaqələndirən funksianal xüsusiyyətlərə malikdir. Burada əsas məsələ odur ki, Ermənistan təcavüzkarlıq iddialarından əl çəksin. Dəhlizlər nə qədər çox olsa, bu bir o qədər Cənubi Qafqaz ölkələrinin əhəmiyyətini artıracaq. Daha çox ölkə tranzit məqsədlər üçün bu dəhlizlərdən istifadə edəcək. Ölkələr arasında inteqrasiya prosesinə təkan verəcək. İnteqrasiyanın genişlənməsi isə regionda sülh və sabitliyin dayanıqlı olmasına öz töhvəsini verəcək. Seçim imkanları genişlənəcək. Elə mallar var ki, birbaşa Türkiyəyə gedəcək. Bu zaman Zəngəzur dəhlizinə önəm veriləcək. Asiya ölkələrindən Şərqi Avropa ölkələrinə gedən yüklər isə Bakı-Tbilisi-Qars və Qazax-İcevan dəmir yolları ilə daşınacaq. Prezident İlham Əliyev uzaqgörən dövlət xadimi olaraq dəhlizlərin perspektivini görür. O üzdən, çox maraqlı təşəbbüslərlə çıxış edir. İndi əsas məsələ odur ki, Ermənistan ağlını başına toplasın”.
Professor hesab edir ki, nəqliyyat dəhlizləri bütün mənalarda regionun iqtisadi inkişafına təkan verəcək.
Vidadi ORDAHALLI