Prezident İlham Əliyev CNN Türk kanalına müsahibəsində Cənubi Qafqazda 3+3 formatına da münasibət bildirib. Prezident bununla bağlı deyib:
“Mən əziz qardaşım sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla bu məsələni dəfələrlə müzakirə etdim və bizim mövqeyimiz üst-üstə düşür. Biz bu formatı dəstəkləyirik və ümid edirik ki, digər ölkələr də buna qoşulacaqlar. Mən bilirəm ki, Gürcüstan tərəfi buna hazır deyil. Çünki Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər yoxdur. Bu, Gürcüstanın mövqeyidir, biz bu mövqeyə hörmətlə yanaşmalıyıq. Amma buna baxmayaraq, regional işbirliyi, sabitliyin təmin olunması və gələcəkdə müharibə risqinin sıfıra endirilməsi üçün bölgə ölkələri arasındakı əlaqələr çox önəmlidir”.
Prezident İlham Əliyev qeyd edib ki, burada konkret layihələr də müzakirə oluna bilər: “Çünki bu, sadəcə olaraq siyasi təşəbbüs deyil. Burada, ilk növbədə, Zəngəzur dəhlizinin və digər yolların açılması, - çünki təkcə Zəngəzur dəhlizindən söhbət getmir, - bizim Ermənistanla digər nəqliyyat layihələrimiz ola bilər. Ondan sonra ticarət əlaqələrinin bərpası, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi. Yəni bütün bunlar çox önəmli məsələlərdir”.
Diqqət çəkən məqam Gürcüstanın bu formatda əməkdaşlıqdan yayınmasıdır. Gürcüstan bu formatı Rusiya amilini əsas gətirərək pozmaqda nə dərəcədə haqlıdır?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiyanın Gürcüstanla münasibəti məlumdur: “Həmin ölkə Gürcüstanın ərazilərinin işğal olunmasında iştirak edib və az qala Tiflisə qədər qoşununu yeridib. Bu səbəbdən də Gürcüstan Rusiyanın faydalana biləcəyi heç bir layihədə iştirak etmək istəmir. Gürcüstan dəfələrlə bunu öz rəsmiləri səviyyəsində səsləndirib. Rusiya Saakaşvilidən sonra Gürcüstan daxilində möhkəmlənə bilib. Biz bunu seçkilərin nəticələrinə baxanda görürük. Gürcüstanda ictimai rəyin formalaşmasında Rusiya aktiv iştirak edir. Bu, görsənən amillərdi. Həmçinin Rusiyanın gizli mexanizmləri də var. Xüsusilə də etnik qruplar vasitəsilə Gürcüstana təsir edə bilir. Bu proseslərin Rusiyadan tənzimləndiyi qənaətinə gəlirik. Buna görə də Gürcüstan Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsini istəmir. Prezident İlham Əliyevin Gürcüstanla bağlı fikirləri reallığı əks etdirir. Rusiya sülhməramlılarını Qarabağa yerləşdirəndə Gürcüstanın xüsusi xidmət orqanlarının bir hesabatı olmuşdu. Onlar bu qənaətə gəlirdilər ki, Rusiya Qarabağa sülhməramlı yerləşdirməklə Gürcüstan üçün risqləri də artırır. Həmin vaxt Gürcüstan parlamentində qapalı dinləmələr də həyata keçirildi. Gürcüstan bu vəziyyətdən dərin narahatlıq keçirirdi. Bu, məsələnin bir tərəfi. Məsələnin digər tərəfi budur ki, Gürcüstan bizim ən böyük regional əməkdaşlıq etdiyimiz ölkələrdən biridir. Bu əməkdaşlıqdan Gürcüstan böyük pullar qazanır. Buna baxmayaraq, biz həlledici məqamlarda Gürcüstanı yanımızda görə bilmirik. Hökuməti təşkil edən Qərb və ABŞ-a yaxın qrupların istəyinə uyğun olaraq Gürcüstan öz mövqeyini bəlli edir. Onların da qlobal siyasətdə yan təsir alətləri genişdir. Hazırda Gürcüstan Rusiyaya təsir üçün Qərb və ABŞ-ın əlində yan alət sayılır. Gürcüstan deyilən formatdan sadaladığımız iki faktora görə imtina edir”.
Məhəmmədəli QƏRİBLİ