Hər zaman olduğu kimi, yenə də erməni tərəfi hiyləgər gedişlər etməklə öz çirkin niyyətlərinə nail olmağa çalışır. Bəzi açıqlamalar yaymaqla, əsl simalarını ortaya qoyurlar.
Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan sosial səhifədəki hesabında yazıb ki, “Arsaxın” statusu aydın olmadan sərhədlərin delimitasiyasına getmək olmaz. O iddia edib ki, onların hakimiyyəti vaxtı situasiya fərqli olub: “Arsax” məsələsi ərazi mübahisəsi deyil, xalqların öz müqəddəratını təyin etmək hüququ məsələsidir. Biz də dəfələrlə izah etmişik ki, ərazi bütövlüyü məsələsi öz müqəddəratını təyin etmək hüququna zidd deyil. Çünki birincisi dövlətlərarası münasibətlər, ikincisi isə metropol bölgəsi müstəvisindədir”.
O iddia edib ki, Qarabağ münaqişəsinin həllinə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən ən yüksək səviyyədə təsbit edilmiş üç prinsip daxil idi - ərazi bütövlüyü, güc tətbiq etməmək və xalqların öz müqəddəratını təyinetmə. Daha sonra A.Aşotyan indiki hakimiyyəti tənqid edərək iddia edib ki, sərhədlər delemitasiya olunsa, o zaman Qarabağın statusu olmayacaq: “Qarabağın statusunu dəqiqləşdirmədən Azərbaycanla sərhədləri delimitasiya etmək mümkün deyil”.
Görünən odur ki, ermənilər əsl niyyətlərini açıq şəkildə ortaya qoyaraq qəbuledilməz şərtlə çıxış edirlər.
“Biz bilməliyik ki, onlar nə bizimlə birgə yaşayış, nə də Azərbaycanın suveren hüquqlarını tanımaq istəyir”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, bu onu göstərir ki, ermənilər köhnə iddialarından əl çəkmək fikrində deyillər: “Ermənistan heç vaxt sərhədlərin delemitasiyasına başlayıb Azərbaycanla sülh sazişi imzalamayacaq. Əgər onlar sülh sazişi imzalasalar, sərhədləri müəyyən etsələr, o zaman Azərbaycanın ərazi bütövlüyünü tanımış olacaqlar. Bu isə o demək olacaq ki, onlar status məsələsindən əl çəkiblər. Ancaq görünən odur ki, onların belə bir fikri yoxdur. Açıq deyirlər ki, status məsələsi həll edilməlidir. Ermənilər əvvəlki kimi köhnə iddialarından əl çəkməyiblər və revanşist əhvaldadılar. Biz bilməliyik ki, onlar nə bizimlə birgə yaşayış, nə də Azərbaycanın suveren hüquqlarını tanımaq istəyir. Ermənilər Qarabağı bizdən qoparmaq istəyir. Sadəcə, 44 günlük müharibədə bunların beli qırıldı. Ancaq Rusiya gəlib bunların imdadına çatdı. İndi bu imkandan istifadə edib bir az nəfəs aldıqlarına görə köhnə iddialarını yenidən gündəmə gətiriblər. Biz də bu təxribatlara hər zaman hazır olmalıyıq”.
Partiya sədri hesab edir ki, yalnız antiterror əməliyyatlarından sonra Ermənistan bizim şərtləri qəbul edə bilər.
Vidadi ORDAHALLI