Əfqanıstan qısa müddət ərzində “Taliban”a təslim oldu. Ölkə faktiki olaraq həmin dini təşkilat tərəfindən idarə olunur və olunacaq. “Taliban”ın Siyasi Bürosunun sədri Molla Abdul Gani Birader Əfqanıstanda hədəflərinə bu qədər tez çatacaqlarını gözləmədiklərini bildirib. Birader “Taliban”ın, paytaxt Kabil başda olmaqla, Əfqanıstanın hamısına nəzarəti ələ almasına dair etdiyi açıqlamada "Belə bir müvəffəqiyyətə bu qədər tez və bu qədər asan çatacağımızı gözləmədiyimi söyləməliyəm" deyib.
Molla Abdul Gani Birader qürurlu olmamağın vacibliyini deyib: “Daha əvvəl heç sahib olmadığımız ağır bir məsuliyyətimiz olacaq. İndi imtahan zamanıdır. Hazırda ölkəmizin insanlarına xidmətin göstərilməsi, təhlükəsizliyi və həyat şərtlərinin yaxşılaşdırılması baxımından çox əhəmiyyətli bir imtahandan keçirik. İnsanların həyatını və gələcəklərini necə qoruyacağımıza razı salmağımız lazımdır".
“Taliban”ın Siyasi Bürosunun sözcüsü Muhammed Naim də Kabildə səfirliklər, diplomatik missiyalar və xarici vətəndaşlıqlılar üçün təhlükə olmadığını bildirərək, “Taliban”ın ölkə daxilində təhlükəsizliyi qoruyacağını vurğulayıb. “Taliban”ın Kabilə girməsilə bir çox ölkə diplomatik personal və vətəndaşlarını Əfqanıstandan çıxarmaq üçün hərəkətə keçib. ABŞ Xarici İşlər Nazirliyi Kabil səfirliyindəki bütün personalın etibarlı şəkildə Hamid Karzai hava limanına transfer edildiyini açıqlayıb. Almaniya Xarici işlər naziri Heiko Maas da Almaniyanın Kabildəki səfirlik personalının çıxarılmasına başlanacağını söyləyib. Əfqanıstanda baş verən hadisələr Azərbaycanda da diqqətlə izlənilir. Əksəriyyət bu fikirdədir ki, dini qruplaşmanın hakimiyyətə gəlməsinin bütün bəşəriyyətə ziyanı olduğu kimi, Azərbaycana da təhlükəsi ola bilər. İddialardan biri də budur ki, Əfqanıstandan başlayan qaçqın axınının bir ucu Azərbaycan sərhədlərinə yönələ bilər. Amma ekspertlər qeyd edir ki, əfqanların əsas miqrasiya istiqaməti Türkiyə və Avropadır. Bu baxımdan Türkiyə üçün ciddi daxili qarışıqlıq risqi var. Türkiyə toplumunun səbri tükənib və qaçqın problemi ilə əlaqədar partlamağa hazır bomba kimidir. “Taliban” reallığı Azərbaycanın maraqları baxımından bəzi qeyri-müəyyənliklər və dolayı təhlükələr yaradır. Hesab edilir ki, Kabildəki hökumət Azərbaycanın dostu idi, bütün beynəlxalq təşkilatlarda (BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı) bizə birmənalı dəstək verirdi. “Taliban” hökuməti necə mövqe tutacaq, ümumiyyətlə, bu hökumət beynəlxalq səviyyədə legitimlik qazanacaqmı?
Əfqanıstanın sabiq prezidenti Əşrəf Qaninin ölkədən qaçdığı məlum olub. Belə olan halda, taliblərin hakimiyyətə gəlişinin Azərbaycan üçün nə kimi təhlükəsi ola bilər mövzusu ətrafında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədovla söhbətləşmək qərarına gəldik. Partiya sədri “Bakı-Xəbər”ə bildirdi ki, “Taliban”ın Əfqanıstanda hakimiyyəti ələ keçirdiyinə kiminsə şübhəsi yoxdur: “Ölkənin prezidenti Əfqanıstanı qoyub qaçdı. Belə təhlükəli məqamda ölkəsini qoyub qaçan ilk və sonuncu prezident deyil. Təəssüf ki, bizim də ölkəmizin tarixində analoji hallar olub. “Taliban”ın hakimiyyətə gəlməsi Orta Asiyadakı keçmiş sovet respublikaları və Rusiyanın özü üçün də kifayət qədər problemlər yaradacaq. Buna şübhə yoxdur. Bizim üçün nə vəd edilir? Əfqanıstanla münasibətlərimiz daha da yaxşılaşacaq. Çünki “Taliban” Pakistana çox yaxın olan təşkilatdır. Pakistan da bizimlə olduqca yaxın dövlətdir. Ola bilsin ki, ölkəmizə əfqan qaçqınları çox gəlsin. Bu ciddi problem yarada bilər. Narahatlığımız bir də Kabil hava limanını qoruyan sülhməramlı kontingentimizlə bağlıdır. Çox istərdik ki, onlar da geri qayıtsınlar. Müdafiə Nazirliyi bəyanat yaydı ki, onlarla bağlı heç bir problem yoxdur. Bu, ABŞ-ın dünyaya bəxş etdiyi yeni sürprizdi. Əvvəl ora çoxsaylı qoşun yeritdi, sonra geri çəkdilər və bu da “Taliban”a hakimiyyəti ələ keçirməyə şərait yaratdı. Nə yazıq ki, dünya reallığı bundan ibarətdir. Bir vaxtlar SSRİ də belə yanlışa imza atmışdı, sonra ABŞ bunu təkrarladı. Ümid edək ki, bu, sonuncu yanlışlıq olar”.
Məhəmmədəli QƏRİBLİ