Məlum olduğu kimi, Prezident İlham Əliyev bir neçə gün əvvəl “CNN Türk”ə müsahibə verib. Müsahibə zamanı bir sıra məsələlərə toxunulub. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilər üzrə ermənilərin verdiyi mina xəritələrinin qeyri-dəqiqliyinə də toxunub.
İ.Əliyev qeyd edib ki, Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələrinin dəqiqliyi şübhə doğurur: “Ermənistan bizə mina xəritələri təqdim edib, onların dəqiqliyi 25 faizdir”.
Məlumat üçün bildirək ki, rəsmi Bakı Rusiyanın istəyini nəzərə alıb, Ermənistanın ölkəmizdə həbsdə saxlanılan terror və təxtibat qrupunun 15 üzvünü bu il iyulun 3-də geri qaytardı. Bunun qarşılığında Ermənistan Ağdam, Füzuli və Zəngilanın mina xəritələrini Azərbaycana verib.
“Ermənilərin təqdim etdikləri mina xəritələrinin dəqiqliyinin 25 faiz olması onların bir daha qeyri-səmimi olduğunu göstərdi”
Ermənilərin təqdim etdiyi mina xəritələrinin qeyri-dəqiqliyi barədə fikir bildirən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Prezident İlham Əliyev “CNN Türk”ə müsahibə zamanı bir sıra məsələlərə aydınlıq gətirdi: “Ermənilərin təqdim etdiyi mina xəritələrinin dəqiqliyinin 25 faiz olması onların bir daha qeyri-səmimi olduğunu göstərdi. Mütəxəssislərin bildirdiyinə görə, dəqiq mina xəritəsi hərbi hissələr tərəfindən təsdiq olunmalıdır. Ölkə başçısı açıqlamasında bildirib ki, ermənilərin təqdim etdiyi xəritənin 25 faizi dəqiqdir. İşğalçı ölkənin verdiyi mina xəritələri reallığa uyğun deyil, rəsmi deyil. Bu isə o deməkdir ki, onlar yenidən mina təxribatı etməyə hazırlaşır”.
Həmöhbətimiz hesab edir ki, Azərbaycan tərəfi məlum məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət etməlidir: “Dəqiq, düzgün mina xəritələrinin Ermənistandan alınması üçün Azərbaycan tərəfi öz səylərini davam etdirməlidir”.
Günel CƏLİLOVA