“Nə qədər silahlar verilsə də, yenə də güclər nisbəti dəyişməyəcək”. Bu barədə Prezident İlham Əliyev “CNN Türk” televiziyasına müsahibəsində deyib.
Ölkə başçısının sözlərinə görə, bölgənin yenidən silahlandırılması prosesinə biz təşəbbüskar olmamışıq: “Xankəndidə Rusiyanın sülhməramlı missiyasının nəzarəti altında olan ərazi indi təhlükəsiz ərazidir. Eyni zamanda, bizim Ermənistanla sərhədimizdə də vəziyyət bəzən narahatlıq doğurur, amma ümumilikdə sabitdir. Ona görə, əlbəttə, biz istəyirik ki, Rusiya bu məsələdə bizim narahatlığımızı nəzərə alsın. Çünki nə qədər silahlar verilsə də, yenə də güclər nisbəti dəyişməyəcək. Çünki son 30 il ərzində Rusiya Ermənistana milyardlarla dollar dəyərində pulsuz-parasız silahlar verib, - onların bir qismi indi bizim Hərbi Qənimətlər Parkında dağılmış muzey eksponatları kimi sərgilənir, - buna baxmayaraq, Ermənistan ordusu tamamilə darmadağın edilib. Biz ordumuzun silahlanmasına nə qədər lazımdır, o qədər də vəsait ayıracağıq və bunu edirdik. Sadəcə, hesab edirik ki, artıq müharibə bitdi, buna ehtiyac yoxdur. Bölgənin yenidən silahlandırılması prosesinə biz təşəbbüskar olmamışıq və deyilik. Ümid edirik ki, digər tərəfdaşlar da buna uyğun addımlar atacaqlar”.
Görünən odur ki, sözügedən məsələdə ölkə prezidenti kifayət qədər arxayın və optimistdir. Bunu da bir sıra faktorlar şərtləndirir.
Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirir? Ermənistanın silahlandırılmasının balansı dəyişə bilməcəyini deyərkən Prezident nəyə arxayındır?
“Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu arasında yer alıb”
Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Ramil Məmmədli bununla bağlı bir sıra məqamlara toxundu: “Məsələ ondadır ki, balansın dəyişməməsini şərtləndirən bir sıra hərbi və digər faktorlar var. Nəzərə almaq lazımdır ki, Azərbaycan çox müasir silah komplekslərinə malikdir. Ötən illər ərzində dünyanın müxtəlif aparıcı ölkələrindən ən müasir silah kompleksləri alınıb. Bizdə elə müasir silah kompleksləri var ki, onlar ümumiyyətlə Ermənistanda yoxdur. Heç Ermənistanın özünün elə bir maliyyə imkanı yoxdur ki, həmin silahları əldə edə bilsin. Bununla yanaşı, ötən illər ərzində Azərbaycan çox güclü və təlim keçmiş ordu yaradıb. Təkcə 2019-cu ildə qardaş Türkiyə ilə 10 birgə hərbi təlim keçirilib. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu arasında yer alıb. Başqa bir tərəfdən, Vətən müharibəsinə qədər Qarabağ və ətraf 7 rayon Ermənistanın işğalı altında idi. Demək olar əksər strateji əhəmiyyətli yüksəkliklər ermənilərdə idi. Vətən müharibəsi nəticəsində Azərbaycan ordusu ətraf 7 rayonu, Qarabağın əhəmiyyətli hissəsini işğaldan azad etdi. Bir vaxtlar ermənilərin əlində olan yüksəkliklər indi ordumuzun əlindədir. Azərbaycan-Ermənistan sərhədinə nəzarət bərpa olunub. Azərbaycan davamlı olaraq ordunu modernləşdirir. Bəzi məlumatlara görə, İsraildən növbəti 2 milyard dollarlıq silah alınacağı gözlənilir”.
Bütün bunlardan çıxış edən hərbi ekspert hesab edir ki, Ermənistanın silahlandırılması balansı dəyişə bilməyəcək.
Vidadi ORDAHALLI