Əfqanıstan hökuməti paytaxt Kabildə komendant saatının tətbiq olunduğu barədə məlumat yayıb. Sputnik Azərbaycan Rusiya mediasına istinaadən bildirir ki, Kabildə qadağan saatı bu gün saat 21.00-dan etibarən qüvvəyə minəcək.
Daxili işlər müavini vəzifələrini yerinə yetirən Abdulla Səttar Mirzəkvalın sözlərinə görə, tədbirin məqsədi toqquşmaların qarşısını alınması, şəhər əhalisi və onların əmlakının mühafizə olunmasıdır. O həmçinin insanları saat 21.00-dan sonra evlərini tərk etməməyə və sakit olmağa çağırıb.
Vəziyyətlə əlaqədar olaraq Rusiya keçid hökuməti ilə işləməyə hazır olduğunu bəyan edib. Lakin Rusiya XİN ikinci Asiya departamentinin direktoru Zamir Kabulov Taliban-ın qanuni hakimiyyət qismində tanınmasından söhbət getmədiyini bildirib.
Bununla eyni vaxtda KİV-də yayılmış məlumatlara görə, Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk edərək təyyarə ilə Tacikistana yollanıb. Əl-Ərəbiyyə kanalının məlumatına görə isə, taliblər artıq prezident sarayına daxil olublar.
“Asiya-Plus” agentliyinə hökumət məmuru Səccad Nuristani məlumat verir ki, Əfqanıstan prezidenti Əşrəf Qani təyyarə ilə Kabildən Tacikistana yola düşüb.
Onun sözlərinə görə, Tacikistana çatdıqdan sonra Əşrəf Qani üçüncü ölkəyə yola düşəcək. Əfqanıstan prezidentinin hara yollanacağı dəqiqləşdirilmir.
Nuristaninin sözlərinə görə, prezidenti milli təhlükəsizlik üzrə müşavir Həmdulla Muhib və administrasiyanın rəhbəri Fəzl Mahmud Fəzli müşayiət edirlər.
Bir qədər əvvəl Qaninin prezident sarayında Taliban hərəkatı nümayəndələri ilə danışıqlardan sonra prezident səlahiyyətlərindən əl çəkəcəyi bildirilib.
Avqustun 15-də gündüz saatlarında taliban Əfqanıstanın bütün ərazisində vəziyyətə nəzarət etdiyini elan edib.