“Müharibənin ilk günlərində, bilirəm, bəziləri düşünürdü ki, görəsən dayanacaqlarmı, dayanmayacaqlarmı, dayandıracaqlarmı, dayandırmayacaqlarmı, İlham Əliyev sona qədər gedəcəkmi, getməyəcəkmi. Amma müharibə davam etdikcə hər kəs gördü ki, öldü var, döndü yoxdur, sona qədər gedəcəyik”. Baki-xeber.com xəbər verir ki, bunu “CNN Türk” televiziya kanalına müsahibəsində Prezident İlham Əliyev deyib.
AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a şərhində bildirdi ki, Azərbaycan Prezidenti, Ali Baş Komandanı İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi üçün bütün mümkün addımları atdığı məlumdur. M.Zülfüqarlının sözlərinə görə, Azərbaycanı sevən, bizə dayaq olan, ölkəmizin haqq işinə dəstək verən dostlarımız, başlıcası isə Azərbaycan xalqı Ali Baş Komandana inanırdı və onun mübarizəni sona qədər aparacağını bilirdi. M.Zülfüqarlının sözlərinə görə, bütün Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları qələbəyə çox böyük inam bəsləyirdi. “Azərbaycanın 44 günlük müharibə tarixi bəlkə də tariximizdə görünməmiş bir hadisə idi. Prezident də buna istinadən deyir ki, çoxları 27-30 il gözləyəndən sonra Azərbaycan Ordusunun müharibəyə başlayacağını, dayanmadan irəli gedəcəyini və möhtəşəm qələbə qazanacağını güman etmirdi. Dünyanın bir çox ölkələri belə düşünürdü ki, Azərbaycan beynəlxalq təşkilatların və bəzi dövlətlərin “müharibəni dayandırın” tələbinə, çağırışına əməl edib müharibəni dayandıracaq. Amma müxtəlif beynəlxalq təşkilatların, ölkələrin başçılarının telefon zənglərinə, israrlarına baxmayaraq Ali Baş Komandan müharibəni dayandırmadı və orduya “irəli” komandası verdi. Prezident sübut etdi ki, Azərbaycanın işğal altında olan torpaqlarının düşmən tapdağından azad edilməsindən vacib işimiz yoxdur. Kimin nə deməsindən, hansı yollarla təzyiq göstərməsindən asılı olmayaraq Ali Baş Komandan bunların heç birinə əhəmiyyət vermədi və torpaqlarımızın işğaldan azad edilməsi yolundan bir addım da geri çəkilmədi. Ali Baş Komandan müharibənin gedişində də ermənipərəst dövlətlərə və beynəlxalq təşkilatlara açıq mesajlar verdi ki, biz müharibəni dayandırmayacağıq, sona qədər gedəcəyik”.
M.Zülfüqarlının sözlərinə görə, müharibədə irəli gedən, inamla mübarizə aparan ordumuz da, dövlətimiz də yaxşı bilirdi ki, Azərbaycan xalqının yeganə istəyi, tələbi torpaqlarımızın işğaldan azad edilməsidir. M.Zülfüqarlının sözlərinə görə, dünyanın bir çox ölkələri Azərbaycan dövlətinin müharibəyə belə güclü hazırlaşdığını bilmirdi, müharibə dövründə Azərbaycanın hazırlığı onlar üçün sözün həqiqi mənasında sürpriz oldu.
“Dünya ölkələrinin çoxu Azərbaycanın sona qədər gedəcəyini gözləmirdi, onlar elə bilirdi ki, Əliyev bəzi dövlətlərin, beynəlxalq təşkilatların üstüörtülü təhdidlərindən, qarayaxma kampaniyalarından çəkinib müharibəni dayandıracaq, amma tam əksi baş verdi, Ali Baş Komandan qarşısına qoyduğu məqsədlərdən bir addım da olsun geri çəkilmədi, əksinə günü – gündən daha da irəlilədi. Ona görə də bəziləri deyirdilər ki, yəqin üç gündən sonra müharibə qurtarar, tezliklə başa çatar. Çünki tarixən Rusiya imperiyası azərbaycanlılarla erməniləri qızışdırıb bir-birinin üstünə salmaqla bir neçə gün gözləmə mövqe tutmuşdu. Bu 1905-ci ildə də, 1918-ci ildə də belə olmuşdu. Amma gözlənilmədən birdən-birə Azərbaycan Ordusu 44 günlük böyük müharibə apardı. Prezident bizim qələbəmizə inanmayanların köhnə, vaxtı keçmiş ssenariləri nəzərdə tutduğuna işarə vurdu, o ssenarilər isə bizim üçün yox idi. Bu qələbə onu göstərir ki, xalqımız və dövlətimiz bu qələbəyə böyük inamla və əzimlə hazırlaşırdı, amma proses gizlin gedirdi. Prezident haqlı olaraq həmişə deyir ki, mən bilirəm nəyi nə zaman etmək lazımdır. Bu qətiyyəti də Ali Baş Komandan göstərdi və bütün dünyaya möhtəşəm bir qələbəni təqdim etdi. Prezident bizim qələbəmizə tərəddüdlə, şübhə ilə yanaşanların səhv olduqlarını onların diqqətinə çatdırdı. Ölkə başçısının bu mühüm mesajında çoxlarının payı var və hər kəs bundan öz payını götürdü. Prezident açıq mesaj verdi ki, bizə qarşı aparılan şər–böhtan kampaniyalarının hamısı boşa getdi və biz sona qədər gedib qələbə qazandıq” - deyə M.Zülfüqarlı qeyd etdi.
Onun sözlərinə görə, torpaqlarımızın işğaldan azad edilməsi bizdə Qərbi Zəngəzurun, Göyçənin və sair tarixi ərazilərimizin də geri qaytarılacağı ümidini yaradır. İradə SARIYEVA