Ermənistanda fəaliyyət göstərən mobil operatorların abunəçiləri çaşqınlıq və çaxnaşma içindədirlər. Yerli mətbuatda bu ölkədə bütün telefon danışıqlarının Azərbaycan tərəfindən dinlənildiyi barədə məlumat yayılıb. Qeyd edək ki, işğal olunmuş ərazilər azad edildikdən sonra Azərbaycan ordusu qondarma rejimin telekommunikasiya operatoru olan "Karabah Telekom"un qüllələrini ələ keçirib. "Karabah Telekom" isə faktiki olaraq Ermənistanın "ArmenTel" mobil operatorunun əlavəsidir. Erməni mətbuatı yazır ki, azərbaycanlılar "Karabah Telekom"un serverlərinin ehtiyat nüsxələrini ələ keçirərək Ermənistanın mobil şəbəkəsinə daxil olub.
Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTN) "buna heç bir sübut yoxdur" bildirərək, abunəçiləri sakitləşdirməyə çalışıb. Bununla belə, informasiya texnologiyaları üzrə mütəxəssis Artur Papyan hesab edir ki, qüllələr Azərbaycanın nəzarətinə keçəndən sonra Bakı erməni şəbəkəsinə sərbəst şəkildə qoşula bilir: "Azərbaycanlılar "Karabah Telekom"un serverlərindən ehtiyat nüsxələri silməyi bacarıb və bu çox pis nəticələrə gətirib çıxara bilər".
Ermənistanın bu iddialarını nə dərəcədə əsaslı saymaq olar?
“Mən inanmıram ki, Azərbaycan Ermənistan ərazisində yerləşən hər hansı bir mobil operatorun gündəlik fəaliyyətinə müdaxilə etmiş olsun”
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələdə Ermənistan “ən yaxşı müdafiə elə hücumdur” taktikasından istifadə edir: “Ermənistan bu taktikadan istifadə edərək, bütün sahələr üzrə dezinformativ hücumlar təşkil edib, bundan yararlanmağa çalışır. Ermənistan bizi nələrdə ittiham etməyib ki? Dolma bükməyimizdən, düşbərə bişirməyimiz, balaban ifa etməyimizə qədər hər şeydə ittiham olunmuşuq.
İkinci bir tərəfdən, Azərbaycanın müvafiq qurumlarının icazəsi və rəsmi qeydiyyat olmadan, lisenziyasız fəaliyyət göstərən qanunsuz bir qurumun fəaliyyətinə elə Azərbaycanın müvafiq qurumlarının hər hansı bir müdaxiləsi olmuş olsa belə, bu tamamilə qanuni bir məsələdir. Mobil operatorların birbaşa funksiyalarından əlavə, onlardan hərbi şəraitdə daha hansı istiqamətlər üzrə istifadə edilə bilməsi haqqında məncə əlavə nələrsə söyləməyə ehtiyac yoxdur. Amma mən inanmıram ki, Azərbaycan tərəfi beynəlxalq öhdəlikləri pozaraq Ermənistan Respublikasının ərazisində yerləşən hər hansı bir mobil operatorun gündəlik fəaliyyətinə müdaxilə etmiş olsun. Yəqin ki, belə bir faktın olmaması səbəbindən Ermənistan ortalığa sübutlar qoya bilmir. Əgər onların belə bir imkanları olsaydı, yəqin ki, çoxdan beynəlxalq təşkilatlar səviyyəsində məsələ qaldırardılar.
Mən sizə bir fakt söyləyim. Bir neçə il bundan öncə evdə İnternetə daxil ola bilmədim. Provayderə zəng edərkən məlum oldu ki, WiFi şifrəm sındırılaraq dəyişdirilib və “Yaşasın Ermənistan”, “Qarabağ bizimdir” kimi cəfəng və hay ruhuna uyğun olaraq loqin və parol yazılıb. Araşdırma zamanı məlum oldu ki, gün ərzində mənə xidmət göstərən provayderə bununla bağlı çoxlu sayda şikayət daxil olub. Məncə, bu cür informasiyaları ciddiyə almağa ehtiyac yoxdur. Bu, Ermənisan tərəfin, yuxarıda da qeyd etdiyim ki, növbəti dezinformativ hücum taktikasının növbəti dalğasıdır”.
Məhəmmədəli QƏRİBLİ