Azərbaycanın Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Xankəndi şəhərində su qıtlığı kritik həddə çatıb və qondarma rejim şəhərdə fövqəladə vəziyyət tətbiq edib. Bu haqda erməni KİV-i bildirir.
Qarabağdakı “Su və kanalizasiya” şirkətinin direktoru Qaqik Poqosyan deyib ki, şəhərin 30 faizindən çoxunda su yoxdur, sakinləri su ilə təchiz etmək üçün 5 sudaşıyan maşın ayrılıb və onlar gecə-gündüz işləyir. Poqosyan su qıtlığının səbəbini 40 gündür Xankəndiyə yağış yağmaması və havanın temperaturunun 30 dərəcədən aşağı düşməməsi ilə izah edir. Üstəlik bildirir ki, şəhərdə yaşayanların sayı 10-15 min qaçqının hesabına artıb. Və bu məqamda separatçı rejimin su və kanalizasiya işlərinə cavabdeh məmuru Xankəndidə yaşayanların sayı barədə reallığa uyğun olmayan rəqəmlər səsləndirib: “Yəni müharibəyə qədər şəhərdə 60-61 min adam yaşayırdısa, indi 75 min adam yaşayır. Təbii ki, su istehlakı da artıb. Nəticədə xaotik vəziyyət yaranıb”. Poqosyan deyib ki, şəhərdə sovet dövründən qalma artezian quyularını tapıb işə salırlar, artıq iki belə quyu işə salınıb.
Yaranmış vəziyyətdən xilas üçün ermənilər Azərbaycan rəsmi dairələrinə müraciət edə bilərmi?
"Yaxın zamanlarda ermənilərin bizdən kömək istəmələri ilə bağlı müraciətlərinə çox rast gələcəyik”
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə bildirdi ki, Xankəndidə yaranan su qıtlığı isti hava şəraiti ilə bağlıdır: “Hətta Xankəndidəki “rəhbərlər” belə bu məsələdə Azərbaycanın əlinin ola biləcəyini təkzib edib. Xankəndini içməli su ilə təchiz edən üç çaydan ikisinin suyu yarıbayarı azalıb, üçüncüsü isə ümumiyyətlə quruyub. Bildirilir ki, əvvəllər də yayda şəhərdə su ilə bağlı problem olurdu, amma belə vəziyyət görünməmişdi. Hesab edirəm ki, bunun başqa bir səbəbi də ermənilərin əlindən ətraf rayonlara nəzarətin çıxmasıdır. Onlar həmin rayonların bütün təbii resurslarından öz məqsədləri üçün istədikləri formada istifadə edirdilər. Xankəndidə su olmayanda, Kəlbəcərdəki resurslardan yararlanırdılar. İndi bu imkanları yoxdur. Bu hələ xırda məsələdi. Bundan sonra da elə problemlər ortaya çıxacaq ki, bir ovuc erməni məhdud imkanlarla onların öhdəsindən qəti gələ bilməyəcək. Artıq sosial şəbəkələrin erməni seqmentində Xankəndidəki erməni qadınlar su qıtlığından xilas olmaq üçün İlham Əliyevə müraciət edəcəklərini yazırlar. Hətta Xankəndi “rəhbərliyinin” rəsmi saytında da analoji məzmunlu müraciətlərə rast gəlmək mümkündür. Həmin ərazi Azərbaycanın yurisdiksiyasına aiddir. Sadəcə, müvəqqəti vəziyyət Azərbaycanın tam müdaxiləsinə imkan vermir. Buna baxmayaraq, Azərbaycan rəhbərliyi onun vətəndaşlığını qəbul etmiş sakinlərin hüquqlarını qorumağa, onların problemilə yaxından maraqlanmağa qadirdir. Yəqin ki, yaxın zamanlarda ermənilərin bizdən kömək istəmələri ilə bağlı müraciətlərinə çox rast gələcəyik. Hazırda Qarabağı sürətlə tərk edən erməni əsilli vətəndaşlar anlayır ki, Azərbaycanın dəstəyi olmadan orada yaşamaq qeyri-mümkündür”.
Məhəmmədəli QƏRİBLİ