Rəsmi Vaşinqton Gürcüstan hökumətini cinsi azlıqların əleyhdarları tərəfindən törədilən zorakılıq hallarını araşdırmağa çağırır və qonşu ölkəyə qarşı sanksiyaların tətbiq olunacağını istisna etmir. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays ənənəvi brifinq zamanı Gürcüstanın bəzi vəzifəli şəxslərinə qarşı saksiyaların tətbiqilə bağlı sualı cavablandırarkən bildirib.
O, bütün gürcü siyasətçilərini zorakılığı pisləməyə, ölkə hökumətini isə günahkarların ədalət məhkəməsi qarşısında cavab vermələrini təmin etməyə səsləyib.
Məlumdur ki, Gürcüstan ABŞ-ın regiondakı ən etibarlı tərəfdaşlarından sayılır. Bu coğrafiyada tərəfdaşlarının daha güclü olmasında maraqlı olan ABŞ niyə cinsi azlıqlarla bağlı bir məsələdə Tiflisi sanksiya ilə hədələyir? Məgər bu mövzu Gürcüstan kimi ölkədən daha önəmlidir?
Diqqət çəkən vacib məqam budur ki, son zamanlar ABŞ və Avropa dairələri məhz bu mövzu üzərindən ölkələrə təzyiqlər edir. Bir neçə il əvvəl biz bunu demokratiya adı ilə görürdük. Təbiidir ki, bu amil istənilən ölkədə mühafizəkar kəsimin qıcığına və bu qıcığın üzərindən artan gərginliyə səbəb olur. Belə təzyiqləri biz bir müddət əvvəl Azərbaycana yönəlik də gördük. "Nyu York Tayms" , "Quardian" kimi qəzetlər Azərbaycanda cinsi azlıqların hüquqlarının pozulduğunu iddia edən məqalalər dərc etdilər. Hər iki mətbu orqanın nəşrində qərəz və sifariş aydın sezilir. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tadbirlərini əsas götürərək Azərbaycanda cinsi azlıqların hüquqlarının tapdandığını, onların sıxışdırıldığını iddia edən nəşrlər məsələnin həqiqi mahiyyətinə ümumiyyətlə toxunmağa lüzum görməyiblər. Halbuki, daxili işlər orqanları vətəndaşların müraciəti əsasında şəhərin mərkəzində xüsusi əməliyyat keçirilməsi, onun səbəbi və aparılan araşdırmanın cəmiyyət üçün təhlükəli nəticələri ilə bağlı kifayət qədər təfərrüatlı məlumat yaymışdı.
Dünyanın bütün coğrafiyalarında ayrı-ayrı cəmiyyətlərin dini, milli və mental dəyərlərinə söykənən bir yaşam tərzi var. ABŞ və ya Avropada qəbul olunan qərarlar və cəmiyyətdə bu yöndə aparılan mübarizə üsulu Azərbaycan, Rusiya və ya hansısa bir ölkə üçün uyğun olmaya bilər. Son illər bütün dünyada gedən və artıq Azərbaycanda başlanan bir təhlükəli təbliğatın şahidiyik. Məsələ ondadır ki, əvvəllər cinsi azlıqlar şou biznes, fasion və əyləncə industriyasına can atırdısa, indi onlar artıq siyasətə və ictimai sektora can atır. Son illər bütün dünyada məhz bu qruplardan olan simaların siyasi açıqlamalarını tirajlayan şübhəli dairələr, internet və sosial media resursları sanki səfərbər olunub. Gürcüstanla bağlı məsələdə də görürük ki, ABŞ bu məsələni sanki özünün qırmızı xətti sayır. Hətta ən yaxın müttəfiqini belə sanksiya ilə hədələyirsə, deməli, vəziyyət düşündüyümüzdən də ciddidir. Bu amil ABŞ-ın əlində başqa ölkələrə təzyiq kartına çevrilib. Son illərdə dünyanın müxtəlif coğrafiyalarında dövlətlərə qarşı hibrid müharibələrin aparılması, cəmiyyətləri birləşdirən dəyərlərin sıradan çıxarılması prosesi başladı ki, belə fəaliyyətdə ən çox istifadə olunan mövzu LGBT mövzusudur. Ailə institutunun dağıdılmasına yönələn bu təbliğat cəmiyyətdə radikalizmi yaymağa hesablanıb. Ailə institutunun, ana, ata kimi ülvi anlayışların dağıdılmasına, ənənəvi hörmət obyekti olan qadın, kişi stereotiplərinin sındırılmasına yönəlmiş təbliğat cəmiyyətlərin ənənəvi idarəçilik üsullarının dağıdılmasına yönəlib. Cəmiyyətlərin mental dəyərlərdən və adət-ənənələrdən formalaşan stereotipləri həmin cəmiyyətlərin idarə olunması, nizamlanması institutudur.
Məhəmmədəli QƏRİBLİ