“Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin əməkdaşlığının parlamentlərarası istiqamətini də inkişaf etdirmək niyyətindədir”.
Bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib.
Ölkə başçısı çıxışında bununla bağlı bəzi məqamlara toxunub: “Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə aldığı mandata əsasən, Azərbaycan sədr qismində təşkilat üzrə gənclərin institusional şəbəkəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirir. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin əməkdaşlığının parlamentlərarası istiqamətini də inkişaf etdirmək niyyətindədir”.
Ölkə başçısının məlum təkliflə çıxış etməsi maraq doğurur. Çünki Qoşulmama Hərəkatına üzv dövlətlərin əməkdaşlığının parlamentlərarası müstəvidə qurulması tərəflər arasında əlaqələrin keyfiyyətinə əlavə müsbət təkan verəcək.
Maraqlıdır, bəs ekspertlər ölkə başçısının bu təklifinə necə yanaşır?
“Bir sıra məsələlərdə ortaq nöqtələrin daha tez tapılmasına kömək edəcək”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov prinsipcə bu təklifə müsbət yanaşdı: “Qoşulmama Hərəkatına üzv dövlətlərin palamentləri arasında əlaqələrin qurulması, bununla bağlı hansısa təsisatın yaradılması ümumi işin xeyrinə olar. Bu, əlaqələrin çoxşaxəli müstəvidə qurulmasına və inkişafına müsbət təsir edər. Nəticədə parlamentlər səviyyəsində bir sıra məsələlər yaxından müzakirə edilər. Bu, bir sıra məsələlərdə ortaq nöqtələrin daha tez tapılmasına kömək edəcək. Əlaqələrin keyfiyyətinə yenilik gətirəcək. O baxımdan Azərbaycanın belə bir təkliflə çıxış etməsinə müsbət yanaşır və bunu lazımlı hesab edirəm. Nəzərə almaq lazımdır ki, Qoşulmama Hərəkatına üzv dövlətlərin sayı 120-dir. Bu, kifayət qədər böyük rəqəmdir. Çünki dünyada 200 dövlət var. Bunun 120-nin QH-də təmsil olunması ciddi rəqəmdir. Belə bir Hərəkata Azərbaycanın uğurla rəhbərlik etməsi ümumən ölkəmizin maraqlarına xidmət edir. Hesab edirəm ki, Hərəkat çərçivəsində parlamentlərarası əlaqələrin qurulması bütün üzv ölkələrin maraqlarına uyğun olacaq. O cümlədən bu, siyasi, iqtisadi, humanitar, mədəni müstəvidə ölkələr arasında əlaqələrin inkişafına və genişlənməsinə öz töhfəsini verə bilər. Fikrimcə, Azərbaycanla yanaşı, gərək digər üzvlər də bu çərçivədə əlaqələrin qurulmasında maraqlı olsunlar”.
Partiya funksioneri onu da qeyd etdi ki, dünyanın qloballaşdığını nəzərə alsaq, bu təklifin reallaşacağına ümid var.
Vidadi ORDAHALLI