“Azərbaycan sədrliyi dövründə digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına müvəffəq olub”. Məlum olduğu kimi, bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib.
Prezident Bakı Zirvə görüşündəki çıxışında vurğulayıb ki, QH-nin digər təsisatlarla dialoqunun inkişaf etdirilməsi və əməkdaşlığın coğrafiyasının genişləndirilməsi Azərbaycanın sədrliyinin prioritetləri sırasında olacaq: “Məmnunluqla qeyd edirəm ki, Azərbaycan sədrliyi dövründə digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına müvəffəq olub. Tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının yuxarıda qeyd olunan onlayn Zirvə görüşündə iştirak ediblər. Daha sonra Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyib. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir. Azərbaycan Qoşulmama Hərəkatının vahid səsini ucaldaraq, Hərəkatın maraqlarını bütün mümkün beynəlxalq platformalarda müdafiə etmişdir”.
Görünən odur ki, Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etməsi Hərəkatın beynəlxalq əlaqələrinə ciddi yenilik gətirib.
“Qazanılan etibarın nəticəsidir ki, Azərbaycan QH-yə rəhbərlik edəndən sonra bu cür əlaqələr qurulub”
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin fikrincə, Qoşulmama Hərakatının bu cür uğurlara imza atmasında Prezident İlham Əliyevin müstəsna rolu var: “Bu danılmaz həqiqətdir. Çünki onun beynəlxalq araenada olan böyük nüfuzu QH ilə bir sıra beynəlxalq qurumlar arasında körpülərin qurulmasına öz töhvəsini verib. Nəzərə almaq lazımdır ki, Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş olaraq özünü sübut edib. Beynəlxalq qurumlar və aparıcı dövlətlər üçün bu olduqca mühüm amildir. Qazanılan etibarın nəticəsidir ki, Azərbaycan QH-yə rəhbərlik edəndən sonra bu cür əlaqələr qurulub. Həqiqətən də Avropa İttifaqı rəhbərlərinin QH-nin Zirvə görüşündə iştirakı tarixdə bir ilkdir. O baxımdan Azərbaycanın bu məsələdə oynadığı vacib rol diplomatik baxımdan ciddi nailiyyətdir. Azərbaycana göstərilən böyük etimad həm də ondan irəli gəlir ki, ötən illər ərzində ölkəmiz bir sıra müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edib. Özü də yüksək səviyyədə. Dəfələrlə ABŞ-Rusiya, NATO-Rusiya hərbi komandanları Bakıda bir araya gəlib danışıqlar aparıblar. Bütün bunlar çox ciddi hadisələrdir və Azərbaycanın beynəlxalq nüfuzunu, etibarını artırır”.
Şərqşünas hesab edir ki, sadalanan faktorlar sayəsində QH-nin nüfuzu Azərbaycan hesabına daha da yüksəlib.
Vidadi ORDAHALLI