ABŞ dövlət katibi Entoni Blinkenlə Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında telefon danışığı olub. Ermənistan hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, telefon danışığı zamanı Entoni Blinken Vaşinqtonun “bütün erməni əsirlərinin Azərbaycandan qaytarılması” üçün səylərini davam etdirəcəyini bildirib.
Diplomat, habelə, Minsk Qrupunun fəaliyyətinin bərpa ediləcəyinə ümid bəslədiyini deyib və “Münaqişənin uzunmüddətli həllinin tapılması üçün” sülh prosesinin aydın gündəminin işlənib hazırlanmasının zəruriliyini qeyd edib.
Nikol Paşinyan isə bir ay əvvəl Azərbaycandan erməni “əsirlərinin” qaytarılmasında dövlət katibinin köməkçisi Filip Rikerin göstərdiyi səyləri yüksək qiymətləndirib.
Maraqlıdır, ABŞ dövlət katibi niyə Paşinyanla məhz Ermənistanı narahat edən mövzular ətrafında danışıb və onları yenidən statusla bağlı məsələnin müzakirəsinə həvəsləndirib?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məlumatın tam dəqiq olmasına inanmaq da doğru olmazdı: “Çünki məlumatı Ermənistan tərəfi yayıb. Qeyd edilir ki, telefon danışığı Paşinyanın təşəbbüsü ilə baş tutub. Bu adi bir protokol xarakterli danışıqdır. Çünki Ermənistanın yaydığı məlumatda qeyd olunur ki, Paşinyan Blinkeni dövlət katibi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Yalnız bundan sonra Qarabağla bağlı müzakirə aparılıb. Hesab edirəm ki, danışığın məzmununu Ermənistan bir qədər kontekstdən çıxarır. Yəni ola bilər ki, Paşinyan onu narahat edən məsələlərlə bağlı Blikendən xahişlər edib və o da bu yöndə diplomatik cavablarını verib. Konkret cavablar olsaydı, erməni mediası bu xəbəri fərqli başlıqlarla təqdim edərdi. Ümumən götürəndə isə, ABŞ-ın mövqeyi bizi qane etmir. Onlar erməni məsələsində özlərinə düşmən saydıqları Rusiya ilə belə vahid mövqe sərgiləyirlər. Biz bunu diplomatlar Şuşa səfərindən imtina etdiyi zaman da gördük. Ancaq biz istərdik ki, həmsədr ölkə kimi ABŞ Ermənistan qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə bağlı konkret tələblər qoysun. Niyə ABŞ dövlət katibi Paşinyandan kommunikasiyaların bərpasını tələb etmir, niyə erməni separatçı qalıqlarının Qarabağ ərazisindən tam çıxarılmasını istəmir? Bu tələblərin sırasını daha da genişləndirə bilərik. Minsk Qrupunun gələcək fəaliyyəti deyəndə, onlar ermənilərə veriləcək statusla bağlı müzakirələri nəzərdə tuturlar. Azərbaycan bunun mümkünsüzlüyünü dəfələrlə bəyan edib. Erməni əsirlərilə bağlı məsələ də bəllidir. Onlar əsir yox, diversantdırlar və Azərbaycan onları öz qanunları ilə mühakimə edir. Biz istərdik ki, ABŞ kimi ölkə Qarabağla bağlı məsələdə daha obyektiv mövqe sərgiləsin. Ermənistan tərəfinin yaydığı açıqlamadan belə qənaətə gəlmək olar ki, sanki ABŞ dövlət katibi bunların bütün tələblərini dəstəkləyir. Həmin telefon danışığı ilə bağlı Departamentin özü məlumat yaysa yaxşı olar”.
Məhəmmədəli QƏRİBLİ