Dövlət idarəçilik aparatında nəzarət mexanizminin olması əsas şərtlərdən biridir. Təcrübə göstərir ki, nəinki dövlət idarəçiliyində, eyni zamanda digər sahələrdə də nəzarət olduğu zaman ortaya qoyulan iş daha əhatəli və keyfiyyətli olur. Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti, eləcə də yerli özünüidarəetmə orqanlarına ictimai nəzarətin olması dövlətin diqqətdə saxladığı əsas məsələlərdən biridir. Bəs, ictimai nəzarət özü nədir?
Ictimai nəzarətin əsas prinsipləri qanunçuluq, obyektivlik, qərəzsizlik, könüllülük, şəffaflıq, aşkarlıq, hesabatlılıq, bərabərlik və ayrıseçkiliyə yol verilməməsidir. İctimai nəzarətin əsas mexanizmlərinə monitorinq, müşahidə, ekspertiza və müraciətlərin araşdırılması daxildir. Azərbaycan qanunverciliyinə görə, ictimai nəzarət mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən ictimai şuralar vasitəsilə həyata keçirilir. İctimai şuralarda QHT-lər, KİV, həmkarlar ittifaqları, məhəllə komitələri və vətəndaş qruplarının nümayəndələri təmsil oluna bilər.
Son zamanlar ölkə başçısı İlham Əliyev ciddi kadr islahatları, struktur dəyişikliyi həyata keçirir. Prezidentin apardığı bu islahatlar ictimaiyyət tərəfindən də müsbət qarşılanır. Bu gün Azərbaycan idarəçiliyin yeni mərhələsindədir və bu mərhələdə ictimai nəzarətə də geniş yer verilib. Ölkə başçısı uzun illərdir ki, davamlı qaydada istər siyasi, istərsə də iqtisadi komandasını xalq qarşısında açıq tənqid edir, onlara məsuliyyətlərini xatırladır və ictimai nəzarətin həyata keçirilməsi üçün cəmiyyətdən dəstək istəyir.
Prezident tərəfindən 22 noyabr 2013-cü il tarixində “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq olunub. 16 yanvar 2014-cü il tarixində isə ölkə başçısı bu qanunun tətbiqi haqqında fərman imzalayıb.
Göründüyü kimi, cənab Prezident tərəfindən hələ 2014-cü ildə ictimai nəzarətin həyata keçirilməsi üçün xüsusi hüquqi mühitin yaradılması təsdiq edilir.
Qanunda ictimai iştirakçılığın həyata keçirilməsi üçün ictimai şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi, hüquqi aktların layihələrinin ictimai müzakirəsi, yazılı məsləhətləşmə kimi formaları təsbit edilir. Prezident çox aydın mesaj verir ki, dövlət qurumları qapılarını ictimaiyyətin üzünə açsın. Təklifləri qəbul etsinlər, fəaliyyətləri haqqında məlumatları ictimaiyyətə çatdırsınlar. Ancaq araşdırmalar göstərir ki, bəzi dövlət qurumları İctimai Şuraların yaradılmasına imkan vermir və yaxud ictimai iştirakçılığın digər komponentlərinin həyata keçirilməsinə şərait yaratmırlar. Hətta ictimai nəzarətin həyata keçirilməsinə bəzi dövlət qurumları tərəfindən problemlər yaradılır. Əksər hallarda təşkil edilən İctimai Şuraların tərkibində ictimaiyyətin tanımadığı adamlar olur. Xüsusilə də ictimai nəzarətin avanqardı olan media mənsublarına yaradılan şuralarda geniş yer verilmir.
Dünya təcrübəsi də göstərir ki, vətəndaş cəmiyyəti strukturlarının dövlət orqanlarının işində yaxından iştirak etməsi, verilən qərarlarda təsiretmə gücünə sahib olması effektiv üsuldur və adətən uğurlu alınır. Belə olan halda vətəndaş-dövlət münasibətlərinin tənzimlənməsində şəffaflıq prinsipi təmin olunur.
Azərbaycan Prezidentinin verdiyi qərarlar kağız üzərində qalmamalıdır və müvafiq strukturlar bundan irəli gələn məsələləri doğru-dürüst yerinə yetirməlidirlər. Bu, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasına və dövlət orqanlarına etimadın möhkəmlənməsinə gətirib çıxara bilər. Verilən qərarlar zamanı vətəndaşların bu qərarların hazırlıq mərhələsində iştirakı həm şəffaflığa, həm də müvafiq qurumlara inamın artmasına səbəb olar. Belə olan halda həmin qərarlar daha effektiv nəticələrlə yekunlaşır. Cənab Prezidentin də dediyi kimi, hər bir məmur xalqın xidmətçisidir. Verdiyi qərarlar zamanı da onunla dialoq aparmalıdır. Düşünürəm ki, ictimai şuraların yaradılması, atılan addımlarda vətəndaşların rəyinin öyrənilməsi baş verə biləcək mənfi fəsadların qarşısını öncədən ala bilər. Bu səbəbdən də prosesin şəffaf şəkildə həyata keçirilməsinə nəzarət edilməlidir.
Məhəmmədəli QƏRİBLİ