Avropa Komissiyası Dağlıq Qarabağ və onun ətrafında gedən son hərbi əməliyyatların təsirinə məruz qalanlara kömək üçün 3 milyon avro humanitar yardım ayırıb. Hərbi əməliyyatların başladığı 2020-ci ilin sentyabrından bəri Avropa İttifaqı (Aİ) bu münaqişədən təsirlənənlərə ümumilikdə 6,9 milyon avro humanitar yardım ayırıb.
Aİ-nin Böhranların İdarəedilməsi üzrə Komissarı Janez Lenarcic bildirib ki, hərbi əməliyyatlar dayandırılsa da bölgədə humanitar vəziyyət ağır olaraq qalır: “Hazırda sərt qış və koronavirus pandemiyası vəziyyəti daha da kəskinləşdirir. Aİ Dağlıq Qarabağ və onun ətrafında münaqişədən əziyyət çəkən əhaliyə dəstəyini artırır. Bu yardım ən çox ehtiyacı olanlara təcili yardım təmin etməyə kömək edəcək”.
Bildirilib ki, bu təcili yardım Aİ-nin humanitar tərəfdaşlarına münaqişənin təsirinə məruz qalan əhaliyə qida, sığınacaq, qış məhsulları və digər əsas ehtiyaclar, zəruri səhiyyə xidmətləri və psixososial dəstək təmin etməyə imkan verəcək. Avropa Birliyinin bu humanitar dəstək addımını normal saymaq olar. Ancaq maraqlıdır ki, Avropa Birliyinin üzvü olan inkişaf etmiş ölkələr ayrılıqda belə humanitar aksiyada iştirak etmir. Avropa ölkələrinin bu istiqamətdə olan passivliyinin kökündə nə durur?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, tarixdə olan bütün müharibələrdən sonra dünya ölkələri humantiar yardımlarda və bərpa işlərində fəal iştirak edib: “Bu, bəşəri bir problemdir. Aİ-nin etdiyi yardımın həcmi fəalkətin miqyası ilə müqayisədə kiçikdir. Ancaq görünür, Aİ-nin büdcəsi buna imkan verir. Çox yaxşı olardı ki, həmin ittifaqa daxil olan zəngin Avropa ölkələri bu istiqamətdə fəallıq göstərsinlər. Təəssüf ki, biz Avropa ölkələrindən bu təşəbbüsü görmürük. Hətta vəziyyət o həddə çatdı ki, Rusiya prezidenti Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağa humanitar yardım göstərməyə çağırdı. Vladimir Putin yanvarın 27-də Davos Dünya İqtisadi Forumu çərçivəsində online çıxışı zamanı bəyan edib ki, dünya birliyi və münaqişənin nizamlanmasında iştirak edən ölkələr zərər çəkmiş rayonlara qaçqınların qayıtması, dağılmış infrastrukturun bərpa edilməsi, tarixi, dini və mədəniyyət abidələrinin qorunması və bərpası ilə bağlı humanitar problemlərin həlli üçün yardım göstərməlidir. Avropa ölkələrinin büdcələri belə yardımları ayrılıqda etməyə tam imkan verir. Bizim Prezident də bildirib ki, dost ölkələr Qarabağın bərpası işlərində yaxından iştirak etməlidir. Görünən budur ki, bir çox Avropa ölkələri bu prosesdə iştiraka maraq göstərmir. Hətta biz bəzi Avropa ölkələrinin əldə edilən sülh razılaşmasını pozan destruktiv fəaliyyətə qol qoyduqlarının da şahidi olduq”.
Politoloqun sözlərinə görə, söhbət yalnız Azərbaycana edilən yardımdan getmir: “Humanitar fəalkətləri aradan qaldırmaq üçün hər iki tərəfə belə tranş olmalıdır. Ümidvarıq ki, Avropa ölkələri bu amili nəzərdən keçirəcəklər”.
Məhəmmədəli QƏRİBLİ