30 ilə qədər sürən işğal dövründə Ermənistan tərəfindən dağıdılan Azərbaycana aid mədəniyyət müəssisələrinin ilkin sayı müəyyənləşib. Belə ki, ermənilər işğaldan azad olunmuş ərazilərdə 571 mədəniyyət müəssisəsini tam dağıdıb.
Mədəniyyət Nazirliyindən verilən məlumatda qeyd edilir: “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri tərəfindən tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə abidələrin və mədəniyyət müəssələrinin monitorinqlərinə başlanılmışdır”.
Aparılan monitorinqlər zamanı 571 mədəniyyət müəssisəsi aşkar edilib ki, onlardan 286-sı kitabxana, 237-si mədəniyyət evi və klub müəssisəsi, 19-u muzey, 24-ü uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereyadır. Müəssisələrin hamısı, demək olar ki, tamamilə dağıdılmış vəziyyətdədir.
“İşğaldan azad edilən ərazilərdə erməni işğalına qədər kitabxanaların, klubların, mədəniyyət müəssislərinin, muzeylərin, klubların sayı daha çox olub”
Azərbaycan Memarlar İttifaqının üzvü, memarlıq namizədi, tanınmış memar Rizvan Qarabağlı “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər işğal dövründə arxeoloji, mədəniyyət abidələrimizə vurduqları ziyanı mədəniyyət müəssisələrinə də vurub. R.Qarabağlı hesab edir ki, monitorinqlər davam etdikcə rəqəmlərin artma ehtimalı daha böyükdür. “Fikrimcə, həmin ərazilərimizdə 571 mədəniyyət müəssisəsinin dağıdılması ilə bağlı ortaya çıxarılan faktlar aparılan monitorinqin ilkin nəticələridir. Çünki ermənilər bizim 571 deyil, daha çox sayda mədəniyyət müəssisəmizi - kitabxanalarımızı, mədəniyyət evlərimizi, klub, kinoteatr və sair obyektlərimizi dağıdıb, məhv edib. Monitorinqlər davam etdikcə erməni vandalizminin daha dəhşətli mənzərələri üzə çıxacaq. Həmin bölgədə elə abidələr, elə müəssisələr var ki, onların bəziləri yarı dağılmış formadadır, abidələr arasında qeydiyyata alınmayanlar da var.
Monitorinqlər davam etdikcə ermənilər tərəfindən vandalizmə məruz qalıb dağıdılan mədəniyyət müəssisələrinin sayının 571-dən artıq olacağına şübhə etmirəm.
İşğaldan azad edilən ərazilərdə erməni işğalına qədər kitabxanaların, klubların, mədəniyyət müəssisələrinin, muzeylərin, klubların sayı daha çox olub. Burada saysız arxeoloji abidələr və mədəniyyət müəssisələri dağıdılıb”.
R.Qarabağlı hesab edir ki, ya bu monitorinqləri aparan qurumların tərkibində memarlar, tarixçilər də təmsil olunmalı, ya da xüsusi elm qrupu yaradılmalıdır. R.Qarabağlının sözlərinə görə, bu istiqamətdə mütəxəssilərin, peşəkarların fəaliyyətinin təmin edilməsi vacibdir və işin xeyrinə olan bir məsələdir. Bəzən bu istiqamətdə təsadüfi adamların olduğunu deyən R.Qarabağlının sözlərinə görə, bu prosesdə mütəxəssislər iştirak etməlidir: “Bu istiqamətdə fəaliyyət, şübhəsiz ki, daha da genişlənəcək. Bu işə memarlar, tarixçilər, arxeoloq və etnoqraflar cəlb olunmalıdır, xüsusi elm qrupu yaradılmalıdır. Çünki bizdə həmin ərazilərdə olan mədəniyyət müəssisələrinin, arxeoloji abidələrin və sairin siyahısı var. Baxıram, bu gün Şuşaya, Ağdama və sair gedən adamlar arasında təsüdüfi şəxslər də var. Amma bu işə mütəxəssislər cəlb edilməlidir”-deyə R.Qarabağlı bildirdi.
İradə SARIYEVA