Hazırda Ermənistanın Qarabağdakı son döyüşlərdə qurbanlarının rəsmi sayı 4005 nəfərdir. Bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2020-ci il sentyabrın 27-dən 2021-ci il fevralın 13-dək döyüşlərdə ölən 3577 hərbçinin meyitinin məhkəmə-tibbi ekspertizası aparılıb. 428 nümunə DNT testi mərhələsindədir.
Erməni mətbuatı yazır ki, yanvarın 20-də baş nazirin müavini Tiqran Avinyan parlamentdə çıxışı zamanı itkilərin sayının 4000 nəfəri keçməyəcəyini “vəd etməklə” növbəti dəfə yalan danışdı: "Əslində, artıq qurbanların sayı 4 mini keçib, itkin düşənlər barədə isə məlumat verilməyib".
Ümumilikdə isə bəzi mənbələrdə Ermənistanın itkilərinin 6-7 min nəfər olduğu qeyd edilir.
Ermənistan cəmiyyətində aparılan bu müzakirələrdən və verilən rəsmi məlumatlardan həmin ölkənin müharibə itkilərilə bağlı ictimaiyyətə hələ də yalan məlumat verdikləri qənaətinə gəlmək olarmı?
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hərbi əməliyyatlar başladığı ilk gündən ermənilər ağır itkilər verərək geri çəkilməyə başladılar: “Müharibənin gedişini təhlil edərkən bir şeyin şahidi oluruq - Ermənistan hər vəchlə öz döyüş itkilərinin sayını gizlətməyə çalışıb. Bu proses istər müharibə dönəmində, istərsə də ondan sonrakı zamanda özünü aydın göstərib. Müharibənin müəyyən fazasında Ermənistan ordusu əks hücum əməliyyatları həyata keçirmək istədi, həmin vaxt da xeyli itki verdilər. Çünki onların cəhdləri heç bir fayda vermədi. Müharibənin sonunda isə məlum oldu ki, Ermənistan ordusunun bütün bölmələri sıradan çıxarılıb. Sadə hesablamalarla deyə bilərik ki, Ermənistan ordusundakı itki sayı 10 min – 15 min arası dəyişməlidir. Ermənistan muzdlu döyüşçülər, Qarabağda yaşayan ermənilərlə bağlı ölüm sayını gizlədir. Yalnız Ermənistanın özündən olan itkiləri elan edirlər ki, bu da hamısı deyil”.
Ekspertin sözlərinə görə, bu gün çoxlu sayda erməni valideyni öz övladlarını axtarır: “Onlar mütəmadi olaraq Ermənistandakı müəyyən dövlət binalarının qarşısında etiraz aksiyası keçirirlər. Hətta açıq şəkildə Azərbaycandan kömək istəyən valideynlər də var. Hazırkı Ermənistan hakimiyyəti itki sayını gizlətməklə ölkədə yarana biləcək narazılığın qarşısını almaq istəyir. Bilirlər ki, torpaq itkisi ilə yanaşı məhv edilən hərbçilərin dəqiq sayının açıqlanması, hətta hakimiyyətin devrilməsi ilə nəticələnə bilər. Azərbaycan bu məsələdə tam şəffaf mexanizm ortaya qoyub. Həlak olan hərbçilərin bir-bir adlarını və fotolarını sayta yerləşdirir. Həmin siyahıda neçə hərbçinin itkin düşdüyü ilə də bağlı məlumat var. Çünki bizim, ermənilərdən fərqli olaraq, xalqımızı aldatmaq niyyətimiz yoxdur”.
Məhəmmədəli QƏRİBLİ