Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə" qanunu təsdiqləyib. Qanuna əsasən, Azərbaycan-Türkiyə Birgə Media Platforması yaradılacaq. Birgə Media Platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır. Platforma çərçivəsində iki ölkə arasında sağlam media şəbəkəsinin infrastrukturunun yaradılması aşağıdakı üsullarla həyata keçiriləcək:
- Media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması;
- İki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması;
- Beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması;
- Televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi;
- Müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması;
- Peşə təhsili və mübadilə proqramlarının təşkil edilməsi;
- İki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması.
Sənəddə bildirilib ki, Anlaşma Memorandumunun qüvvəyə minməsindən sonrakı 3 ay ərzində Türkiyə və Azərbaycan arasında media platformasının həyata keçirilməsi üzrə məqsədyönlü, əhatəli planın hazırlanması üçün birgə işçi komissiya yaradılacaq.
Imzalanan bu sənəd hər iki ölkənin mediasının inkişafına hansı təsiri göstərə biləcək?
Media məsələləri üzrə ekspert Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Türkiyə ilə Azərbaycan arasında bütün sahələr üzrə inteqrasiya daha da dərinləşir: “Bunun təbii səbəbləri var. Çünki biz iki dövlət, bir millətik. Ötən illər ərzində Azərbaycan və Türkiyə mediası arasında sıx işbirliyi olub. Bu işbirliyi bəzən fərdlə və təşkilatlar səviyyəsində nəzərə çarpıb. Amma pərakəndəlik vardı. Ötən ilin sentyabr ayının əvvəlində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ankaraya etdiyi səfər çərçivəsində Türkiyə ilə Azərbaycan arasında ortaq media platformasının qurulması ilə bağlı bir razılaşma əldə olundu. Bu bizim apardığımız Vətən müharibəsinin getdiyi dönəmə təsadüf edirdi. Onda bizdə ümid yarandı ki, iki qardaş ölkə dövlətləri səviyyəsində media sahəsində əməkdaşlıq genişlənəcək. Artıq lazım olan hüquqi mərhələlər arxada qalıb. Qalır iş görmək”.
Ekspertin sözlərinə görə, bu sahədə biz əlaqələri geniş olan, beynəlxalq media təşkilatları ilə yaxşı əlaqələrə sahib şəxslərin əməyindən istifadə etməliyik: “Bu iş üçün elə adamlar seçilməlidir ki, fəaliyyəti yarımçıq qoymasınlar. Ortaq media layihələri ilə bağlı cəhdlər əvvəllər də olub. Çox zaman bu işlərin başında məlum çoğrafiyadan xəbərsiz adamlar durduğu üçün lazım olan nəticə əldə olunmayıb. Bütün yanlışlıqları diqqətə alıb, bu işi bacarıqlı adamlarla davam etdirməliyik. Belə olacağı təqdirdə, Azərbaycanla Türkiyə mediası bir-birinə qaynaşacaq və hər iki ölkənin media siyasəti vahid platformaya çevriləcək. Bizim üçün 83 milyonluq Türkiyə, onlar üçün isə 10 milyonluq əlavə platforma əldə edilmiş olacaq. Bu bizim dünya media müstəvisində mövqeyimizin möhkəmlənməsinə ciddi töhfə verəcək. İşin icrasını buna könül vermək istəyən adamlara tapşırmalıyıq”.
Məhəmmədəli QƏRİBLİ