Türkiyə səfərinə böyük əhəmiyyət veririk. Əminik ki, bu səfər Azərbaycan-Türkiyə münasibətlərinə müsbət təsir göstərəcək. Forum çərçivəsində iş adamlarımız bir araya gələrək gələcəkdə atılacaq addımları müzakirə edəcəklər.
Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov Ankarada Türkiyə-Azərbaycan İş Forumunda deyib.
Baş nazir qeyd edib ki, bu iki dost və qardaş xalq arasında olan münasibətlər çərçivəsində bütün sahələrdə sıx əməkdaşlıq edirik: "Koronavirus pandemiyası iqtisadi əlaqələrimizə təsirsiz ötüşməyib. Lakin ticarət dövriyyəsinin azalması elə də əhəmiyyətli olmayıb. Biz birlikdə pandemiyanın öhdəsindən gələndən sonra ticarət dövriyyəsində azalma aradan qaldırılacaq. Bunun üçün imkanlarımız var”.
Baş nazir deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev regionda davamlı sülhün və əməkdaşlığın təmin edilməsi üçün yeni təşəbbüs - “3+3” formatını irəli sürüb. Bu təşəbbüsün reallaşmasında ən mühüm rol yeni tikiləcək Naxçıvan dəhlizinə aiddir.
Baş nazir bildirib ki, bu dəhliz Türkiyə ilə Azərbaycan arasında ikitərəfli ticarət əlaqələrinin daha sürətli inkişafına imkan yaradacaq, həmçinin turizim sahəsində əlaqələrin inkişafına ciddi təkan verəcək.
Əli Əsədov qeyd edib ki, tarixi Vətən müharibəsində zəfərdən sonra ölkəmiz üçün yeni dövr başlayır. Baş nazir bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı ilə bağlı strategiya hazırlanıb: “Cənab Prezidentin dediyi kimi, hədəfimiz Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir. Artıq bərpa işlərə başlanılıb və ilkin tərəfdaşlarımız yenə türk qardaşlarımızdır. Türk şirkətləri artıq infrastruktur layihələrini icra etməyə başlayıblar”.