Televiziyalarımızın hitlerçi erməni faşisti Qaregin Njdenin ermənilərin yekə-yekə "Tseqakronizm nəzəriyyəsi" adı verdikləri boş və mənasız bir şeyin üstündə niyə bu qədər ciddi təbliğat qurmaq səylərini anlamaq çətindir. Njdenin özünün muzdlu nökərçilik etdiyi Hitler hətta kitab yazsa da, sistemli bir nəzəriyyə yox, vur-tut faşizm adlandırılan vəhşilik və antibəşərilik praktikası yarada bildi. Njde kim idi ki, ömrünü qaniçənlərə muzdluluqda keçirdiyi halda hələ bir nəzəriyyə də yaratsın?
Bunu özünün Facebook səhifəsində “Bakı Xəbər” media qrupunun rəhbəri, politoloq Aydın Quliyev yazıb. Politoloqun fikrincə, televiziyalarımızın Njdeni "böyük nəzəriyyəçi" kimi təqdim etməsi həm əsl elmi və siyasi nəzəriyyənin nə olduğunu dəyərləndirə bilməməkdən əmələ gəlir, həm də adi bir qaniçən şovinisti "nəzəriyyə müəllifi" kimi tam uyğunsuz bir imicə çatdırır:
“Njdeni "nəzəriyyəçi " kimi təqdim etmək onun barəsində dünyada "mötəbər imic" yaratmağa xidmət edir. Televiziyalarımız bunu qəbul etsələr də, etməsələr də belədir. Əməlli-başlı bir təhsil də görməmiş Njde hansı nəzəriyyəni - olsun elmi, ya siyasi nəzəriyyə - yarada bilərdi? O heç faşizmin fəlsəfi banisi Nitşse səviyyəsində də nəzəriyyəçi olmayıb. Njdeni "nəzəriyyəçi" kimi yox, özünün tarixdə olduğu kimi ifşa etmək lazımdır - faşistlərə satılmış qaniçən adi erməni şovinisti kimi, vəssalam...”
Sonda A.Quliyev Ermənistanın faşist Njdeni qəhrəmanlaşdırmasını ifşa prosesini başladan Azərbaycan Prezidentinin məsələyə ta əvvəldən sərgilədiyi obyektiv dəyərləndirməyə diqqət çəkərək yazır:
“Prezident İlham Əliyev heç onun haqqında bircə dəfə "nəzəriyyəçi", ya "nəzəriyyə banisi" deyərək danışıbmı? Çünki o, həqiqi mahiyyəti bilir...”