Ermənistanda demoqrafik problem getdikcə kəskinləşməyə başlayır. Buna səbəb odur ki, ölkə əhalisi kütləvi şəkildə Ermənistanı tərk edir. Rusiya ilə sərhədlərin yenidən açılması isə bu axını daha da sürətləndirib. Hesablamalara görə, təkcə cari ilin yanvarında 10 minə yaxın erməni Rusiya, Ukrayna və digər ölkələrə üz tutub.
Hazırda ermənilər ən çox Rusiyaya gedirlər. Ötən il 30 min 500 Ermənistan vətəndaşına Rusiya pasportu verilib. Ümumiyyətlə, son 3 ildə 82 min Ermənistan vətəndaşı Rusiya pasportu alıb. Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi bildirir ki, 2018-ci ildə 27 min nəfərdən çox erməni Rusiya pasportu alıb. 2019-cu ildə 24 min nəfər erməni Rusiya vətəndaşı olub. 2020-ci ildə isə bu göstərici bir qədər də artıb. Belə ki, ötən il təxminən 31 min nəfər erməni Rusiyada vətəndaşlıq alıb. Analitiklər hesab edir ki, ermənilərin başqa ölkələrə köç etməsi əsasən Ermənistandakı acınacaqlı vəziyyətlə əlaqədardır. Hesablamalara görə, ölkədə təbii artım da xeyli azalıb. Belə davam edərsə, Ermənistanda demoqrafik vəziyyət çox acınacaqlı olacaq və ölkədə təxminən bir milyona yaxın əhali qalacaq. Hazırda prosesə Rusiya ilə sərhədlərin yenidən açılması ciddi təsir edir.
Xatırladaq ki, Rusiya hökuməti fevralın 1-dən etibarən Ermənistanla aviaəlaqələri yenidən bərpa edib. İki ölkə arasında mütəmadi hava reysləri 2020-ci il martın 27-dən etibarən koronavirus infeksiyasının yayılmasına görə dayandırılımışdı. İndi belə reyslərin bərpa edilməsi Ermənistandan Rusiyaya rekord sayda miqrant axınının başlanğıcı kimi qəbul olunur. Hətta Ermənistanda etiraflar səslənir ki, ölkə son 30 illik tarixində ən böyük miqrant axını ilə üzləşəcək. Çünki Ermənistandan Rusiyaya getmək istəyənlərin sayı kifayət qədər çoxdur. Ermənistanın “Çiçəklənən Ermənistan” partiyasından olan deputatı Naira Zöhrabyan da bu günlərdə “Vestnik Kavkaza” saytına müsahibəsində bu xüsusda maraqlı fikirlər səsləndirmişdi: “Rusiyaya gedən sərnişin axınını müşahidə etmək üçün İrəvanın Zvartnots hava limanına getmişəm. Deputat olaraq vəziyyətin nə yerdə olduğunu görmək istədim və siz təsəvvür belə edə bilməzsiniz ki, vəziyyət nə qədər gərgin idi. Moskvaya tək bir tərəfə bilet götürürlər və onların qiymətləri durmadan qalxır. Rusiyaya uçuşlara heç vaxt belə tələbat olmamışdı. Ermənistan son 30 ildə ən böyük miqrasiya ilə qarşılaşacaq, hətta keçən əsrin 90-cı illərində belə bir şey yox idi”. Naira Zöhrabyan parlamentin son iclasında yenidən bu mövzuya toxunub. O, parlamentin gündəliyini müzakirə etmək əvəzinə bəzi aviaşirkətlərin İrəvan-Moskva birtərəfli bilet qiymətini 1050 dollara qaldırmalarının səbəbini öyrənmək üçün hava limanına bir heyət göndərilməsini təklif edib: “Bizimlə ora getmək istəmirsinizsə, vətənini tərk edən insanlardan niyə getdiklərini soruşun”. O, belə rekord sayda miqrasiyanı bir neçə səbəblə izah edib: “Birincisi müharibədir. İkincisi, ermənilər artıq öz ölkələrində özlərini təhlükəsizlikdə hiss etmirlər. Üçüncüsü və ən əsası Ermənistandakı iqtisadi vəziyyətin çox çətin olmasıdır. İndi insanlar qorxur ki, Rusiya Federasiyası ilə əlaqə yenidən kəsilə bilər. Gündəlik çörək problemini həll etmək üçün Ermənistanı tərk edən ermənini günahlandırmağa mənim haqqım yoxdur”.
Qeyd edək ki, Ermənistanda miqrasiya heç də yeni fenomen deyil. Ölkənin müstəqillikdən sonrakı dövrü davamlı olaraq buradan miqrant axını ilə xarakterizə olunur. 1990-cı illərdə miqrasiya daha sərt xarakter alıb, bir milyondan çox insan ölkəni tərk edib. Mütəxəssislərin hesablamalarına görə, Ermənistandakı ailələrin üçdə biri miqrantların, xüsusilə mövsümi əmək miqrantlarının evlərinə göndərdikləri pul köçürmələri hesabına yaşayır.
Bununla yanaşı, demoqrafik sahədə ən ciddi problemlərdən biri ciddi miqrasiya nəticəsində əhalinin təbii artımının sıfır vəziyyətində olmasıdır. Bu da birbaşa olaraq əhalinin qocalması prosesinə əhəmiyyətli təsir göstərir. Əgər 60 yaşdan yuxarı əhalinin sayı artarsa, bu, ölkənin demoqrafik qocalması prosesinin sürətləndiyini göstərir. Ermənistanda demoqrafik qocalma əmsalı 12,9 faiz təşkil edir və mötəbər beynəlxalq informasiya mənbələrinin proqnozlarına görə, qeyd edilən səbəblərdən yaxın 4-5 ildə bu proses daha sürətlə baş verəcək. Ölkəni tərk edən kişilərin 80 faizi reproduktiv yaşdadır. Rəsmi statistikanın məlumatlarına görə, Ermənistan əhalisinin 46,5 faizini kişilər, 53,5 faizini qadınlar təşkil edir. Deməli, cins quruluşu arasındakı fərq 7 faiz təşkil edir ki, bu da ciddi demoqrafik problemdir. Belə disbalansın əsas səbəblərindən biri miqrasiyadır. Ciddi miqrasiya, əhalinin təbii artımındakı kəskin azalma əhalinin qocalması prosesini sürətləndirib. Rəsmi statistikanın məlumatlarına görə, bu gün Ermənistan əhalisinin 13 faizindən çoxunu 65 yaşdan yuxarı əhali təşkil edir. Beləliklə, Ermənistanın demoqrafik vəziyyətini xarakterizə edən göstəricilərin qısa təhlili göstərir ki, erməni əhalisinin sayının kəskin azalmasının əsas səbəbi miqrasiyanın saldosunun əhalinin təbii artımından yüksək olması, doğulanların sayının azalması və ölənlərin sayının artmasıdır, yəni təbii azalmadır. Bu isə o deməkdir ki, perspektivdə də Ermənistan əhalisinin sayının davamlı olaraq azalmasının bütün amilləri aydın şəkildə özünü göstərir. Əlverişli olmayan demoqrafik göstəriciləri əhalinin demoqrafik qocalması tamamlayır. Ermənistanda əhalinin demoqrafik qocalması davam edəcək və BMT-nin Əhali Fondunun proqnozlarına görə, 2050-ci ildə Ermənistan əhalisinin hər 5 nəfərindən birini 65 yaşdan yuxarı, 3 nəfərindən birini isə 63 yaşdan yuxarı əhali təşkil edəcək ki, bu da ümumi əhalinin 22 faizi deməkdir.
Nahid SALAYEV