AŞPA-nın Azərbaycan-Ermənistan münasibətlərinə dair qətnaməsində pozitiv və neqativ məqam - 10 noyabrın təqdir olunması müsbət…

Elşən Mustafayev: “Biz çox istərdik ki, AŞPA və digər qurumlar əvvəlki ritorikalarından əl çəkib, mövcud reallıqlara uyğun tərzdə danışsınlar”

img

Azərbaycan və Ermənistan siyasi dialoqa mane olan ritorikadan çəkinməli və Dağlıq Qarabağla bağlı üçtərəfli razılaşmanın müddəalarını ən qısa müddətdə həyata keçirməlidir. Bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq komitəsinin 2020-ci il üzrə hesabatına dair qəbul etdiyi qətnamədə deyilib.

Qurum Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunu qeyd edib və İrəvan və Bakını 9 noyabr (10 noyabr) 2020-ci il tarixli üçtərəfli bəyanatın humanitar məsələlərə dair müddəalarını yerinə yetirməyə çağırıb.

AŞPA, bundan başqa, tərəflərə əsir mübadiləsinə dərhal başlamağı, mədəni irsə hörmət etməyi, siyasi dialoqa müdaxilə edən ritorikadan çəkinməyi tövsiyə edib.

Qəbul edilmiş qətnamədə müsbət əqamlarla yanaşı, mənfi çalarlar da nəzərə çarpır. Məsələn, 10 noyabr razılaşmasının təqdiri normal hal kimi qəbul edilə bilər. Ancaq digər məsələlərdə AŞPA tərəflər arasındakı məsuliyyəti yenidən eyniləşdirir. Məsələn, tərəfləri mədəni irsi qorumağa çağıran fikir bildirir. Bəllidir ki, işğal altında olan ərazilərdə mədəni irsə qarşı vandallıq edən ermənilər olub. Belədirsə, onda niyə AŞPA tərəflər arasında məsuliyyəti eyniləşdirməyə can atır?

Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, AŞPA ənənəvi mövqeyinə yenə sadiq qalıb: “Təəssüflə qeyd etməliyik ki, AŞPA və digər qurumlar konfliktin mövcud olduğu uzun illər ərzində ortaya konkret mövqe qoymadılar. Bunun da nəticəsində münaqişənin ömrü onilliklərlə uzandı. Sonda Azərbaycan öz gücünə və beynəlxalq hüquqa söykənənərək ərazi bütövlüyünü təmin etmiş oldu. Götürün, AŞPA-nın münaqişənin mövcud olduğu dönəmdəki qərarlarını təhlil edin. Hər birində tərəflərin məsuliyyəti eyniləşdirilib.  Məhz bunun nəticəsində də uzun müddət konflikt konservləşmiş vəziyyətdə qaldı. Yəni bir işğalçı kimi Ermənistana konkret yeri göstərilmədi ki, onlar sülhə istiqamətlənən addım atsınlar. Biz çox istərdik ki, AŞPA və digər qurumlar əvvəlki ritorikalarından əl çəkib, mövcud reallıqlara uyğun tərzdə danışınlar. Son sənəddə 10 noyabr razılaşması təqdir edilir, ancaq ardınca gör nə deyilir: tərəfləri humanitar addımlar atmağa, mədəni irsi qorumağa və sülhə mane olan siyasi bəyanatlar verməməyə çağırırlar. Bütün deyilən istiqamətlər üzrə mənfi addımları məhz Ermənistan atırsa, niyə bu məsələdə də məsuliyyət eyniləşdirilir? Ermənistan 30 il ərzində işğalda saxladığı ərazilərdə bütün mədəni irsimizi məhv edib. Gəlib öz meyitlərinə sahib çıxmırlar. Çünki itkilərin sayını gizlətməkdə maraqlıdırlar. Əldə olunan razılaşmadan sonra isə tez-tez Bəyanatın müddəlarına zidd addımlar atır, bəyanatlar verirlər. AŞPA belə faktların mövcudluğunu bildiyi halda niyə məsuliyyəti məhz Ermənistanın üzərinə qoymaq istəmir?”.

Ekspertin sözlərinə görə, AŞPA və digər qurumlar ənənəvi mövqelərinə sadiq qalacaqlarsa, olan-qalan nüfuzlarını da itirmiş olacaqlar.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər