Prezidentin İran şirkətlərinə dost münasibətinə daha bir sübut faktı - azad edilmiş Azərbaycan rayonlarının bərpasına dəvət…

Rasim Quliyev: “İran bizim qonşumuzdur, bu bizim üçün həm də logistika baxımından olduqca əhəmiyyətlidir”

img

Prezident İlham Əliyev İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edərkən deyib ki, əlbəttə, biz işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olarıq: “Bu təbiidir, çünki dediyim kimi, yalnız dost ölkələr bizim tərəfdaşımız olacaq”. Dövlət başçısının sözlərinə görə, sözsüz ki, İran şirkətlərinin bizə yaxın yerləşməsi, logistika və böyük təcrübə kimi üstünlükləri var.

 

Ölkə başçısının İran şirkətlərini işğaldan azad edilmiş ərazilərin bərpasında görmək istəyini necə dəyərləndirmək olar?

“Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İranın bizə Vətən müharibəmizdən sonrakı münasibəti  qənaətbəşdir: “İranın xarici işlər naziri bizim XİN rəhbərini torpaqlarımızın azad edilməsi münasibətilə təbrik etmişdi. Zərif cənab İlham Əliyevlə görüşdə yenidən öz təbrikini çatdırdı. Bu, İranın rəsmi mövqeyi sayılır. Bu, iki ölkə arasındakı  münasibətlərin yaxın qonşuluq və dostluq xətti üzrə inkişafını göstərir. Azərbaycan Prezidenti bildirdi ki, düşməndən azad etdiyimiz torpaqlarda bərpa işlərinin aparılmasında yalnız özümüzə dost  və tərəfdaş olan ölkələrin şirkətlərinin iştirakını görmək istəyirik. Bu sıraya İran şirkətləri də aid edildi. Cənab Prezidentin bu jestinin İran tərəfindən müsbət qarşılanacağına şübhə ola bilməz. İran bizim qonşumuzdur, bu bizim üçün həm də logistika baxımından olduqca əhəmiyyətlidir. Biz İranla birgə istismar etdiyimiz Su Elektrik Stansiyalarının imkanlarından da işğaldan azad edilən ərazilərin enerji təminatı üçün istifadə edəcəyik. Həmin ərazilərdə bizə çoxlu tikinti materiaları lazım olacaq. İranın bu imkanları kifayət qədərdi. Təbiidir ki, bu cür meqalayihələrdə bir çox ölkələrin şirkətləri iştirak etmək istəyir. Ancaq bir daha qeyd edirəm ki, biz ölkə olaraq ora yalnız dostları buraxacağıq”.

Ekspertin sözlərinə görə, bu, eyni zamanda, əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edəcək: “Söhbət ciddi layihələrdən gedir. Təbiidir ki, Türkiyə şirkətləri orada aparıcı rola malik olacaq. İş həddən artıq çoxdur. İran bir sıra sahələr üzrə böyük təcrübəyə malikdir. Bu baxımdan da onlara uyğun işlər çoxdur. Biz bu əlverişli imkanlardan ciddi istifadə etməliyik. Çox sevindirici haldır ki, bizim bütün qonşu ölkərlə yaxşı münasibətimiz var. Onların hamısı deyilən standarta cavab verir. Əminəm ki, işğaldan azad edilən ərazilərdəki quruculuq və bərpa işlərində bütün qonşu ölkələrin şirkətləri yaxından iştirak edəcək. Hesab edirəm ki, bunlar regionun inkişafına bütün istiqamətlər üzrə müsbət təsir göstərəcək”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər