26/10/2020 02:44
728 x 90

Ələ keçirilən hərbi qənimət sarıdan da Azərbaycan Ordusu düşməni qat-qat üstələyir - bircə tankımız belə düşmən əlinə keçmədi, ermənilərin isə...

İbrahim Rüstəmli: “Silahlı Qüvvələrimizin yeni taktika və strategiyası Ermənistan ordusu üçün gözlənilməz ağır nəticələr verir”

img

“33 erməni tankı qənimət götürüldü, Ermənistanın əlində bir dənə də olsun Azərbaycanın hərbi texnikası yoxdur”. Bunu Türkiyənin NTV televiziya kanalına müsahibəsində Prezident İlham Əliyev deyib.

Ölkə başçısı qeyd edib ki, Azərbaycan Ordusu bütün istiqamətlər üzrə erməni ordusuna çox sarsıdıcı zərbələr endirib: “Mən bəzi açıqlamalar da verdim və bu rəqəmlər hər gün dəyişir. Dünənə olan dəqiq məlumata görə, 200 erməni tankı məhv edildi, 33 erməni tankı qənimət götürüldü, - Ermənistanın əlində bir dənə də olsun Azərbaycanın hərbi texnikası yoxdur, - 33 tank, özü də saz vəziyyətdə, indi bizim ordumuzdadır. Ondan sonra 2 ədəd S-300 hava hücumuna qarşı müdafiə sistemi məhv edildi, 35 ədəd OSA hava müdafiə sistemi məhv edildi, KRUQ KUB və başqa texnikalar. Beləliklə, erməni ordusunun texniki təchizatı çox sarsıldı, yəni çökür. Biz irəliləyirik, hər dəfə yeni torpaqları azad edirik və bu, reallıqdır”.

Göründüyü kimi, ordumuz bütün sahələrdə üstünlüyə sahibdir. Həm məhv edilən düşmən əsgərlərinin, həm də  hərbi texnika və silah-sursatın sayı qat-qat böyükdür. Hərbi qənimətin əldə olunması baxımından isə daha unikal mövqedəyik. Belə ki, bircə tankımız və yaxud da digər hərbi texnikamız düşmən əlinə keçməyib. O üzdən, bunu hərbi ekspertlər necə dəyərləndirirlər?

  • “Bütün bunların nəticəsidir ki, bir dənə də olsun hərbi texnikamız düşmən əlinə keçməyib”

Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, bu, Azərbaycan Ordusunun unikal üstünlüyünü özündə ifadə edir: “Azərbaycan Ordusu 90-cı illərin əvvəllərindəki ordu deyil. Ordumuz artıq vahid komandanlıq altında idarə olunan, vahid konsepsiyası olan nizami ordudur. Aradan keçən 30 il ərzində Azərbaycan müxtəlif ölkələrlə hərbi əməkdaşlıq müqavilələri imzalayıb. Silahlı Qüvvələrin şəxsi heyəti bir sıra ölkələrdə təcrübə mübadiləsi keçib. Hərbi cəbbəxanamızda bir sıra yeni silahlar yer alır. Yeni silahlar həm də yeni kadrların hazırlanması deməkdir. Bu istiqamətdə çox ciddi və kompleks şəkildə islahatlar aparılır. Nəticədə bu gün biz onun bəhrəsini görürük. Belə ki, antiterror əməliyyatları aparan ordumuz yeni taktiki və strateji vasitələrlə düşmənə qarşı vuruşur. Bu yeni taktika və strategiya Ermənistan ordusu üçün gözlənilməz ağır nəticələr verir. Ordumuz yeni strateji və taktiki əməliyyatlar planı həyata keçirir. Bu zaman bütün məsələlər nəzərə alınır. Resurslar maksimum dərəcədə qorunur. Resursların maksimum şəkildə qorunması isə ordumuza əlavə üstünlüklər verir. Bütün bunların nəticəsidir ki, bir dənə də olsun hərbi texnikamız düşmən əlinə keçməyib. Əksinə, çoxsaylı düşmən texnikasını qənimət olaraq ordumuz ələ keçirib”.

Hərbi ekspert hesab edir ki, Azərbaycan Ordusu bundan sonra da sözügedən üstünlüyü əldən verməyəcək.

Vidadi ORDAHALLI

Son xəbərlər