26/10/2020 02:36
728 x 90

Milli hərbi taktika tariximizdə şərəfli Füzuli əməliyyatı - dərsliklərdə yeni mövzu...

Azad İsazadə: “Bu çox uğurlu əməliyyat kimi tarixə düşəcək”

img

Azərbaycanın Füzuli şəhəri işğaldan azad edilib. Bu barədə Prezident İlham Əliyev xalqa müraciətində bildirib.

Dövlət başçısı qeyd edib ki, Füzuli şəhəri və Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri də erməni işğalından azad olunub: “Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır! Mən bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.

Prezident onu da qeyd edib ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək: “Füzuli əməliyyatı rəmzi məna daşıyır. Bizim tarixi, qədimi yaşayış məskənini Azərbaycan özünə qaytardı. Onminlərlə insanın o yerlərə qayıtmasını təmin etdi. Eyni zamanda, strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir, çünki Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı və indi bu sirr deyil biz Füzuliyə hansı tərəfdən girə bildik, hansı böyük peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik. Düşmən öz silahlarını yerə qoyub qaçmışdı son mərhələdə. Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcəkdir”.

Görünən odur ki, Füzuli şəhərinin azad olunması istiqamətində çox uğurlu əməliyyat keçirilib. Maraqlıdır, operativ nöqteyi-nəzərdən hərbi ekspertlər bunu necə dəyərləndirirlər? Ümumilikdə, Füzuli əməliyyatı tariximizə necə düşəcək?

Məsələyə münasibət bildirən hərbi ekspert Azad İsazadənin sözlərinə görə, Füzuli şəhərinin azad edilməsi çox önəmli əməliyyat idi: “Bu çox uğurlu əməliyyat kimi tarixə düşəcək. Füzuli şəhərini bir neçə gün idi ermənilər boşaldıb yaxınlıqdaki yüksəkliyə çəkilmişdilər. Şəhəri biz ona görə götürə bilmirdik ki, Məngələn Ata dağında ermənilər möhkəmlənmişdilər. Orada ermənilərin güclü mövqeləri olduğuna görə şəhəri atəş altında saxlayırdılar. Vaxtilə həmin yüksəkliyi Azərbaycan Ordusu əlində saxlaya bilmədiyi üçün 1993-cü ilin 23 avqustunda Füzuli şəhəri işğal edildi. Daha sonra rayonun digər kəndləri işğal edildi. Son bir neçə gündə məhz Məngələn Ata dağı uğrunda ciddi döyüşlər gedirdi. Ordumuz çox uğurlu hərbi-taktiki manevrlər edərək strateji əhəmiyyətli mövqeləri azad etdi. Şəhərin azad edilməsindən vacib ətraf yüksəkliklərin götürülməsidir. Ondan sonra şəhər rahat şəkildə nəzarətə keçir. Azərbaycan Ordusu məhz bu cür taktika ilə hərəkət edərək ərazilərimizi işğaldan azad edir. Füzulinin çox önəmli strateji əhəmiyyəti var. Füzuli Qarabağ üçün çox vacib nəqliyyat məntəqəsidir. Çünki, faktiki olaraq, Füzulidən hər tərəfə yollar açılır. Füzulidən Cəbrayıla, Horadizə, Xocavəndə, Hadruta, Xankəndiyə, Ağdama yollar gedir. Ona görə də Füzulini azad etməklə Azərbaycan Ordusu bundan sonra hücumunu istənilən istiqamətdə davam etdirə bilər”.

Hərbi ekspertin fikrincə, bundan sonra düşmən cəbhədə daha da sarsılacaq.

Vidadi ORDAHALLI

Son xəbərlər