Ermənistandan Gəncəyə alçaq hücum - Düşmən yenə də raketlə mülki şəxsləri vurdu, 20-dən çox ev dağıldı, çox sayda ölən və yaralananlar var... - YENİLƏNDİ

Ermənistan silahlı qüvvələri növbəti dəfə Azərbaycanın ikinci böyük şəhəri Gəncəni və iri sənaye şəhəri Mingəçeviri raket atəşinə tutub.
Baki-xeber.com xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi Tvitter hesabında Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qaldığını bildirib: "Humanitar atəşkəsin arxasında gizlənən Ermənistan silahlı qüvvələri terror və hərbi cinayətlərini davam etdirir. Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qalıb. Dağıntı və tələfat dəqiqləşdirilir".
- 20-dən çox ev dağılıb
İlkin məlumata görə, ermənilərin hücumu nəticəsində Gəncədə 20-dən çox ev dağılıb. H.Hacıyev Gəncədə mülki şəxslər arasında itkilərin olduğunu açıqlayıb.
Hazırda dağıntılar altında qalanların axtarışı davam edir.
"Ermənistana yeni raket sistemləri gətirildi. Bundan dərhal sonra onlar Azərbaycan şəhərlərindəki mülki insanlara xain və qəddarcasına hücum etməyə başladılar" - deyən H.Hacıyev bunu Ermənistanın dövlət terror siyasətinin təzahürü adlandırıb.
- 12 mülki şəxs həlak olub
Baş Prokurorluq düşmənin Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfərin həlak olduğunu, 40-dan çox şəxsin yaralandığını, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydiyini açıqqlayıb.
Ölənlər arasında uşaqların da olduğu bildirilir.
- Ermənistan Gəncəni Elbrus ballistik raketlərilə vurub
H.Hacıyev Tvitter-dən Gəncəyə atılan raketlərin SKAD/Elbrus əməliyyat-taktik ballistik raketi olduğunu açıqlayıb.
Prezidentinin köməkçisi bildirib ki, Gəncəyə qarşı balistik raketlər Ermənistan ərazisindən atılıb: "Döyüş bölgəsindən çox uzaqdır. Orada hərbi zərurət yoxdur. Ermənistanın Xarici İşlər Nazirliyi bu mənfur müharibə cinayətlərinə görə dövlət məsuliyyətindən boyun qaçırmağa çalışır”.
- Mingəçevirə atılan raketlər havada məhv edildi
O da bildirilir ki, düşmənin silahlı qüvvələri gecə saat 01 radələrində növbəti dəfə Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə də raketlər atıb. Raketlər Ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən havada məhv edilib.
- Qardaş Türkiyədən ilk açıqlamalar - Bunlar qarşılıqsız qalmayacaq, kim nə deyirsə, desin...
“Quldur dövlət olan Ermənistanın Gəncə və Mingəçevir şəhərlərinə təşkil etdiyi raket hücumlarında günahsız mülki şəxslər yenidən hədəf alınıb”. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri cənab Mustafa Şentop “twitter” hesabında yazıb.O bildirib ki, hələ də bu müharibə cinayətlərinə göz yumanlar, bilməlidirlər ki, beynəlxalq hüquqda ortaq olmaqda günahlandırılacaqlar.
Türkiyə Prezident Aparatı sözçüsü İbrahim Kalın “Ermənistan elan edilmiş humanitar atəşkəsə baxmayaraq, müharibə cinayətləri törədir. Xocalıda olduğu kimi, qadın, uşaq, qoca və mülki şəxslər demədən qətl törədir” - deyə bildirib.
O, qeyd edib ki, bu qanunsuzluq və qırğınlar qarşılıqsız qalmayacaq, kim nə deyirsə, desin, Türkiyə sona qədər Azərbaycanın yanındadır.