Məlum olduğu kimi, Ermənistanın Azərbaycana qarşı davam edən və son vaxtlar xüsusilə mütəmadi xarakter almağa başlamış təxribatlarına cavab olaraq başlanmış genişmiqyaslı əks-hücum əməliyyatları Dağlıq Qarabağ münaqişəsinin dünya gündəminin əsas mövzusuna çevrilməsinə səbəb oldu.
İllərdir münaqişə ətrafında aparılan nəticəsiz beynəlxalq danışıqlar konfliktin, faktik olaraq, dünya icması tərəfindən dondurulmuş münaqişə kimi qəbul edilməsinə gətirib çıxarıb. Ancaq Azərbaycan Ordusu apardığı uğurlu döyüş əməliyyatları ilə bütün bu stereotipləri sildi. Bütün dünyaya göstərdi ki, status-kvo davamlı olaraq belə qala bilməz.
Bununla belə, Prezident İlham Əliyev dünyanın bir sıra tanınmış telekanallarına müsahibəsində Azərbaycanın sülh şərtlərini də bəyan edib. Ölkə başçısının fikrincə, bunun üçün, ilk növbədə, işğal olunmuş ərazilərin azad edilməsi təmin edilməlidir. Prezident vurğulayıb ki, vasitəçilər vasitəçi kimi qalmaq və bu məsələ ilə bundan sonra məşğul olmaq istəyirlərsə, onlar daha məsuliyyətli olmalı və heç bir tərəf tutmamalıdırlar. Çalışmalıdırlar ki, bu məsələnin həllinə hesablanmış addımlar atsınlar və münaqişə tezliklə həll olunsun. Ondan sonra atəşkəs bərpa edilsin və uzunmüddətli sülh olsun: “Atəşkəsin bərpası şərtlərlə təmin edilməlidir. İlk növbədə, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxış təqvimi, yəni çıxış cədvəli bizə təqdim edilməlidir. Bu məsələ ilə bağlı biz Minsk Qrupuna artıq öz mövqeyimizi çatdırmışıq. Ümid edirəm ki, bizim bu çağırışlar, bu təkliflər cavabsız qalmayacaq”.
Bütün bu deyilənlərin fonunda, Prezident son müsahibələrində Azərbaycanın müharibə şəraitində sülh şərtləri konsepsiyasını dünya ictimaiyyətinə necə çatdıra bildi?
“Azərbaycan beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünü təmin edir”
Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, sözügedən məsələ ilə bağlı ölkə başçısı çox dolğun, tutarlı və Azərbaycanın maraqlarına cavab verən mövqe ortaya qoydu: “İlk növbədə, Prezident bəyan etdi ki, Azərbaycan daha 30 il gözləyə bilməz. Çünki 1992-ci ildən bəri tərəflər arasında danışıqlar aparılır. Ancaq indiyə qədər heç bir nəticə əldə olunmayıb. 26 ildən çoxdur Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşması var. Bu müddət ərzində təcavüzkar Ermənistan ərazilərin azad olunması ilə bağlı heç bir addım atmayıb. Eyni zamanda, ATƏT-in Minsk Qrupu həmsədrləri işğalçı tərəfə heç bir təzyiq göstərməyiblər. Azərbaycan hərb yolunu seçəndən sonra isə, nədənsə, bəzi beynəlxalq təşkilatlar, dövlətlər bundan çox narahat olmağa başlayıblar. Hansı ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünü təmin edir. Prezident haqlı olaraq ortaya mövqe qoydu ki, sülhün təmin olunması üçün Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxış təqvimi tərtib olunmalıdır. Bu o deməkdir ki, real iş görülməlidir. Bu baxımdan, ölkə başçısı çox ciddi mövqe ortaya qoyur”.
Partiya sədrinin fikrincə, münaqişə yalnız beynəlxalq hüquq normaları çərçivəsində həll edilməlidir.
Vidadi ORDAHALLI