Prezident İlham Əliyev müsahibəsində Rusiya, İran və ABŞ-ın münaqişə ilə bağlı tutduqları mövqeyi şərh edib. Rusiyanın da ATƏT-in Minsk Qrupunun həmsədri kimi vasitəçilik missiyası icra etdiyini diqqətə çatdıran dövlət başçısı deyib:
“Bu məsələ ilə bağlı bizdə hər hansı problem yoxdur. Eyni zamanda, bu üç həmsədr arasında Rusiya tək ölkədir ki, bizimlə qonşudur. Təbii ki, Rusiya ilə bizim uzun tarixi münasibətlərimiz var. İndiki dönəmdə Rusiya həm Ermənistanla, həm də Azərbaycanla əlaqələrini inkişaf etdirir. Bu çox önəmli faktdır. Ona görə nə ikitərəfli formatda, nə də Minsk Qrupu çərçivəsində hər hansı bir problem yoxdur. Bu hadisələr dönəmində də Rusiyanın mövqeyi məsuliyyətli mövqedir”.
Prezident qeyd edib ki, İran rəsmiləri Azərbaycanın haqq işini dəstəklədilər: “ Bir-iki gün bundan əvvəl İranın rəsmi şəxsləri açıqlamalar vermişlər ki, işğala son qoyulmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və bizim köçkünlərimiz öz torpaqlarına qayıtmalıdırlar. Bu da ədalətli mövqedir”.
Minsk Qrupunun həmsədrlərindən biri olan ABŞ-ın mövqeyinə münasibət bildirən Prezident İlham Əliyev deyib: “Amerika Prezidenti ilə mənim hər hansı bir təmasım olmamışdır. Ancaq Amerikanın yüksək səviyyəli rəsmiləri bu işlərlə, bu hadisələrlə bağlı, təbii ki, öz fikirlərini bildirmişdilər. Eyni zamanda hörmətli Donald Tramp da bu məsələ ilə bağlı açıqlama vermişdir. Hesab edirəm ki, tam məntiqli bir açıqlama idi. Amerika ilə bizim ikitərəfli formatda əlaqələrimiz uğurla inkişaf edir. Bir çox sahələrdə biz tərəfdaş kimi fəaliyyət göstəririk. Təbii ki, Amerika superdövlət kimi bu məsələ ilə də bağlı öz sözünü deyir. Biz Amerikanın mövqeyindən də razıyıq”.
Göründüyü kimi, belə çətin və həlledici məqamda Azərbaycan, hətta bir-birilə mövqeləri kəskin fərqlənən ölkələrin belə dəstəyini qazana bilib. Bunin sirri nədədir?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunun başlıca səbəbi Azərbaycanın doğru siyasət aparmasıdır: “Bilirsiniz ki, Azərbaycan Minsk Qrupundan olan narazılığını açıq ifadə edir. Rusiya kanalında Solovyovun verilişinə qoşulan Çingiz Abdullayev də bu narazılığı bildirdi. Prezident faktiki olaraq adını çəkdiyiniz üç ölkənin mövqeyindən razılığını ifadə etdi. Onların içində ikisi həmsədr ölkədir. Onlardan olan razılıq heç də Minsk Qrupu formatından olan razılıq kimi başa düşülməməlidir. Söhbət, məhz indiki məqamda həmin dövlətlərin ayrıca nümayiş etdirdiyi mövqedən gedir. Rusiya kifayət qədər loyal mövqe tutur. Putinin son açıqlamasından da hiss edildi ki, hələ onların prosesə aktiv müdaxilə etmək niyyəti yoxdur. ABŞ da ciddi müdaxilə etmir. Dövlət katibi neytral mövqeyini ifadə edib. Onların kiçik narahatlığı ilə bağlı cavab verildi ki, buna heç bir əsas yoxdur. Çünki Azərbaycan suveren hüququndan istifadə edib, öz ərazi bütövlüyünü bərpa edir. İranın da mövqeyində son günlər müsbət tendensiya hiss edildi. Əvvəl bir qədər neytral mövqedəydilər. Həmin ölkənin ali dini liderinin müşaviri Vilayəti Azərbaycanı açıq dəstəklədiyini bəyan etdi. İranın azərbaycanlıların kompakt yaşadığı 4 vilayətinin rəhbəri də ölkəmizə açıq dəstəyini ifadə etdi. İranın prezidenti də İlham Əliyevlə telefon danışığında ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini bəyan etdi. Bunların hamısı Azərbaycanın uğurlu xarici siyasət kursu qura bilməsini şərtləndirir. Bu ölkələrə Azərbaycan öz mövqeyini, haqlı olduğunu tam izah edə bilib. Bunun da bəhrəsini görürük. Bu ölkələrin belə mövqe ifadə etməsi Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilməlidir”.
Azərbaycanın həm hərbi sahədə, həm də diplomatik müstəvidə qazandığı uğurlar Qarabağın azadlığının elə də uzaqda olmadığını göstərir.
Məhəmmədəli QƏRİBLİ