Məlum olduğu kimi, iki gün əvvəl axşam saatlarında Ermənistan silahlı qüvvələrinin Yevlax rayonu ərazisində BTC neft kəmərini hədəf alan raket zərbələrinin qarşısı alınıb. Hazırda ixrac kəməri əvvəlki kimi fəaliyyətini davam etdirir, amma hadisə ilə bağlı cinayət işi başlanılıb.
Həmin layihənin əsas tərəfdaşlarından olan “BP-Azərbaycan” şirkəti baş verən hadisə ilə bağlı bəyanat yayıb. Həmin bəyanatı olduğu kimi təqdim edirik: “Biz Azərbaycan ərazisində mülki yaşayış yerlərini və infrastrukturu hədəfə almaqla hərbi əməliyyatların genişləndirilməsindən çox narahatıq.
Xüsusilə də Azərbaycan hava qüvvələri tərəfindən qarşısı alınmış və Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac və Cənubi Qafqaz Qaz Boru kəmərləri yaxınlığında məhv edilmiş raket hücumu haqqında xəbərlərdən çox narahat olmuşuq. Azərbaycanda əməliyyatçısı olduğumuz bütün obyektlərin təhlükəsizliyini Azərbaycan hökuməti təmin edir, amma bununla belə, öz işçilərimizin, əməliyyatlarımızın və əməliyyatçısı olduğumuz obyektlərin təhlükəsizliyini təmin etmək yönümündə müvafiq orqanlarla yaxından işləyirik. Bir daha biz Azərbaycanda mülki yaşayış yerlərinə və infrastruktura hücumlardan çox narahat olduğumuzu bildiririk və çox ümid edirik, bu münaqişə tezliklə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq miqyasda tanınmış suveren əraziləri çərçivəsində öz ədalətli həllini tapacaq”.
Çox maraqlıdır ki, layihənin əsas tərəfdaşı olan BP şirkəti öz etiraz bəyanatında raketin hansı ölkə tərəfindən atıldığını birbaşa qeyd etmir, bir növ, ümimiləşdirilmiş şəkildə bəyanat verir. Hər halda, BP öz bəyanatına bir qədər də konkretlik qatsaydı, yaxşı olmazdımı?
İqtisadçı ekspert Günay Hüseynova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, BP-nin məsələyə münasibətində, konkretlikdən daha çox, bir qədər diplomatik notlar sezilir: “Düzdür, şirkət tərəfindən baş verən hadisə ilə bağlı narahatlıq ifadə olunur, ancaq raketi kimin atdığı qeyd edilmir. Həmçinin Ermənistandan bu cür hərəkətlərə son qoymaq kimi tələbin olduğunu görmədik. BP nəzərə almalıdır ki, BTC layihəsinin ərsəyə gəlməsi elə də asan olmayıb. Hazırda onların da yaxşı qazanc götürdükləri həmin layihənin ərsəyə gəlməsi üçün Azərbaycan dövlət olaraq çoxlu yersiz təzyiqlərlə üzləşib. Buna baxmayaraq, bizim prinsipial mövqeyimiz hesabına həmin layihə tam olaraq ərsəyə gəlib. Bu ideyanı qəbul etmək istəməyən bəzi qüvvələrin cəhdlərinə baxmayaraq, mərhum prezident Heydər Əliyevin səyi və gərgin keçən danışıqlar prosesinin məntiqi nəticəsi olaraq sözügedən layihə həyata vəsiqə aldı. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına BTC əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirilib. BP şirkəti layihənin operatoru seçilib və kəmərin tikintisi, istismarı üçün “BTC Ko.” şirkəti yaradılıb. Onun səhmdarları BP, SOCAR, Şevron, Statoyl, TPAO, ENİ, Total, İtoçu, İNPEX, KonokoFillips və Amerada Hess şirkətləri olub. Bu layihə Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayır. Yalnız Azərbaycanın maraqlarını ifadə etmir. Ermənilərin etdiyi hərəkət regional və dünyanı əhatə edən infrastruktur layihələrinə ciddi təhdid kimi qiymətləndirilməlidir. Bu səbəbdən də, BP-nin bəyanatında Ermənistanın addımları konkret olaraq ünvanlı şəkildə qınanmalıydı. Həmin ölkəyə xəbərdarlıq edilməliydi ki, layihə ilə bağlı gələcəkdə belə hallar təkrar olunarsa, bütün məsuliyyəti Ermənistan rəhbərliyi daşıyacaq. Nəzərə almalıyıq ki, BTC ixrac boru kəmərinin payçıları arasında dünyanın müxtəlif aparıcı enerji şirkətləri yer almaqdadır. Azərbaycanın neft-qaz infrastrukturunu hədəfə almaqla Ermənistan təkcə bizim ölkənin deyil, Avropa İttifaqının da enerji təhlükəsizliyinə ciddi təhdidlər yaradır. Yaxşı olardı ki, həmin şirkətlər və ölkələr də bu məsələ ilə bağlı öz mövqelərini bildirəydilər”.
Hər halda, BTC-yə aid olan şirkətlərin daha kəskin formada Ermənistanın addımlarını qınayan ünvanlı və sərt bəyanat vermələri gərəkdir.
Məhəmmədəli QƏRİBLİ