Sentyabrın 27-dən başlayaraq, Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan intensiv atəşə tutur. Azərbaycan Ordusu düşməni cavab atəşilə susdurur, bununla kifayətlənməyib irəli gedərək əzəli torpaqlarımızı işğaldan azad edir. Müharibə həm ordunun təchizatı baxımından, həm binaların dağıdılması, infrastrukturun itirilməsi, həm də işləyən əhalinin azalması baxımından ciddi iqtisadi xərclər yaradır.
Dünyanın hansı regionunda olmasından asılı olmayaraq, müharibə iqtisadiyyata, istehsal sahələrinə öz təsirini göstərir. Azərbaycan kimi dövlət üçün bu xərclər o qədər də önəmli deyil. Bizim üçün önəmli olan torpaqlarımızın düşmən tapdağından azad olunmasıdır. Məhz həmin vaxt biz itirilmiş iqtisadi resurslarımızı bərpa etməklə, gücümüzə güc qata bilərik. Prezident İlham Əliyevin bildirdiyi kimi, əsas məqsədimiz torpaqlarımızı azad etmək və insanlarımızı qorumaqdır. Məhz bu məqsədə nail olmaq üçün bütün gücümüzü səfərbər etmişik.
Müharibənin Azərbaycan və Ermənistan iqtisadiyyatına, siyasi, mədəni, idman, humanitar sahələrinə nə kimi təsir etdiyini öyrənmək üçün mütəxəssislərə müraciət etdik.
Natiq Cəfərli: “Torpaqların işğaldan azad olunması üçün müharibəni uzun müddət aparmağa Azərbaycanın iqtisadi potensialı var, ancaq Ermənistanın...”
İqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, iqtisadi nöqteyi-nəzərdən üstünlük Azərbaycandadır: “Məlumdur ki, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz dövlətlərinin iqtisadiyyatının az qala 70 faizini təşkil edir. Buna görə də iqtisadi dayanıqlıq biz tərəfdədir. Azərbaycan Qarabağ müharibəsində tək siyasi və hüquqi tərəfdən haqlı deyil. Həm də Azərbaycan iqtisadi olaraq haqlı tərəfdir. Torpaqların işğaldan azad olunması üçün müharibəni uzun müddət aparmağa Azərbaycanın iqtisadi potensialı var. Ermənistanın iqtisadiyyatı isə daha çox Rusiyadan asılıdır. Təsadüfi deyil ki, son hadisələrlə paralel olaraq, rus rublunun dəyərdən düşməsi ilkin olaraq Ermənistan dramını vurdu. Yəni Ermənistan dramı dəyərdən düşmə tendensiyasını yaşadı. Həmçinin, Ermənistanın iqtisadi münasibətlərində də problemlər var. Bu problemlər həm dünyadakı vəziyyət, həm də müharibə ilə bağlıdır. Çünki Ermənistan dotasiyalar hesabına büdcəsinin böyük hissəsini formalaşdırırdı. Bundan əlavə də Rusiyada, ABŞ-da, Avropada yaşayan ermənilərin öz ailələrinə göndərdikləri vəsait hesabına daxildə ticarət dövriyyəsi güclənirdi”.
Aytəkin Kamranqızı: “Prezident İlham Əliyevin apardığı düzgün siyasət sayəsində Ermənistan regionda həyata keçirilən bütün nəhəng layihələrdən kənarda qalıb”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, Prezident İlham Əliyevin apardığı düzgün siyasət sayəsində Ermənistan regionda həyata keçirilən bütün nəhəng layihələrdən kənarda qalıb: “Beləliklə, qonşu ölkə Cənubi Qafqaz regionunda icra edilən nəhəng layihələrdən kənarda qaldığı üçün əldə edə biləcəyi iqtisadi və siyasi dividendlərdən məhrum olub. Əvvəllər erməni lobbisi və onları dəstəkləyən müxtəlif dövlətlər erməniləri bu layihələrə tərəfdaş qoşmaq üçün cəhd göstərirdilər. Azərbaycan Prezidentinin qəti mövqeyini gördükdən sonra onlar da bu canfəşanlıqdan əl çəkdilər. İndi Ermənistan dalana dirənmiş vəziyyətdədir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, münaqişənin ölkənin sosial, mədəni, humanitar və idman sahəsinə heç bir mənfi təsiri olmayıb: “Qeyd etdiyim sahələrdə vəziyyət döyüşdən əvvəl necə idisə, indi də eyni hal davam edir. Mədəniyyət xadimləri, idmançılar, alimlər və digər peşə sahiblərinin hazırda tək amalı var, işğal altında ola torpaqların geri alınması. Kimsə orduya döyüşmək üçün yollanır, başqa bir şəxs orduya müxtəlif formada yardım edir. Ancaq Ermənistan cəmiyyətində isə vəziyyət fərqlidir. Ermənistan iqtisadiyyatı hazırda çöküş dövrünü yaşayır. Məlumdur ki, bir ölkənin iqtisadiyyatı batırsa, deməli, bütün sahələrdə eniş baş verəcək. Sosial media hesablarından ermənilərin “müharibənin dayandırılması”, “döyüşmək istəmirik” tipli paylaşımlarının şahidi oluruq. Döyüş bir müddət davam edərsə, Ermənistan hökuməti rəsmi olaraq məğlub olacağını etiraf edəcək”.
Günel CƏLİLOVA