“Fəal döyüş əməliyyatları başa çatandan sonra həyata keçiriləcək vasitəçilik missiyasında Türkiyənin böyük ölkə kimi, bizim qonşumuz, Cənubi Qafqazda qonşumuz kimi iştirak etməyə tamamilə haqqı var”.
Prezident İlham Əliyev bu barədə Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibəsində bildirib. Ölkə başçısının fikrincə, vasitəçilik missiyasında, ilk növbədə, Türkiyə və Rusiyanın iştirak etməyə haqqı var: “Döyüş əməliyyatlarının lap əvvəlindən deyirdik ki, biz danışıqlar prosesindən çıxmırıq, biz siyasi nizamlamaya ümid edirik, lakin bu, nizamlama olmalıdır. Biz daha 30 il gözləyə bilmərik ki, Ermənistana nə vaxt müvafiq təsir göstəriləcək. İndiki vasitəçilik missiyasının 28 il ərzində heç bir nəticəyə gətirib çıxarmaması, fəaliyyətsizliyə, mövcud vəziyyətə gətirib çıxarması nəzərə alınmaqla biz, əlbəttə, praqmatik yanaşmanı əsas götürməliyik. Eskalasiyanın azalması, möhkəm sülhün bərqərar olması, əməkdaşlığın inkişafı üçün regionda baş verən hadisələrə kimin real müsbət təsir göstərə biləcəyini nəzərə almaqla, şübhəsiz, fəal döyüş əməliyyatları başa çatandan sonra həyata keçiriləcək vasitəçilik missiyasında Türkiyənin böyük ölkə kimi, bizim qonşumuz, Cənubi Qafqazda qonşumuz kimi iştirak etməyə tamamilə haqqı var. Əlbəttə, hesab edirəm ki, bunlar, ilk növbədə, Türkiyə və Rusiyadır”.
Göründüyü kimi, ölkə Prezidenti son müsahibəsində Minsk Qrupunun tərkibi ilə bağlı çox maraqlı fikirlər səsləndirib. O baxımdan, Minsk Qrupunun tərkibində hansı dəyişikliklər gözlənir?
“Ankara və Moskva daim təmasdadır, düşünürəm ki, iki ölkə arasında diplomatik...”
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, bu o deməkdir ki, münaqişənin tənzimlənməsi prosesində Türkiyənin fəal iştirakı vacibdir: “Zatən, buna çox ehtiyac var. Çünki təkcə hazırkı həmsədr dövlətlərlə danışıqlar prosesini irəli aparmaq mümkün deyil. Prezident İlham Əliyevin Qarabağ məsələsində qətiyyətli mövqeyi, göründüyü kimi, proseslərdə vəziyyəti Azərbaycanın lehinə dəyişir. Həm hərbi, həm də diplomatik müstəvidə demək olar ki, Azərbaycan qalibdır. Danışıqlar baş tutarsa, burada təkcə atəşkəsin olmasından söhbət getmir. Bununla Azərbaycan Minsk Qrupu çərçivəsində Türkiyənin rolunu önə çəkdi. Hesab edirəm ki, artıq Türkiyə prosesdə var və olacaq. Eyni zamanda, əsas tərəf kimi çıxış edəcək. Artıq Fransanın Minsk Qrupunda fəaliyyəti lazım olmayacaq. Azərbaycan tərəfi Fransanın rolunu gördü və bu ölkəni Türkiyə ilə əvəzlədi. Qeyd edim ki, Ankara və Moskva daim təmasdadır, düşünürəm ki, iki ölkə arasında diplomatik münasibətlər bu müstəvidə digər ölkələrin fəaliyyətini istisna edir. Digər ölkələrin fəaliyyətinə ehtiyac qalmayacaq. Türkiyə də Fransanın iştirakına imkan verməyəcək. Yeni oyunçu Türkiyə olacaq”.
Politoloqun fikrincə, proseslərin bu istiqamətdə inkişafı Azərbaycanın xeyrinədir.
Vidadi ORDAHALLI