Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həlli istiqamətində Ermənistanın addımları, demək olar, artıq bütün körpülərin yanması ilə nəticələnib.
Xüsusən mülki əhali və infrastruktur obyektlərinə endirilən zərbələr dşmənin dinc yolla həll prosesində qətiyyən maraqlı olmadığını təsdiqləyir. Bu şəraitdə məsələnin həllinin hərbi müstəvidə başa çatdırılması da qaçılmaz sayılır.
Bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərindədir
Hazırda baş verənlərin bütün məsuliyyəti məhz Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ən azı o baxımdan ki, məhz həmin rəhbərlik Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həllini əngəlləyib. Yeri gəlmişkən qeyd edək ki, sözügedən məqamla bağlı Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bu xüsusda kifayət qədər maraqlı açıqlamalar verib. Burada səsələnən fikirlərdən bəlli olur ki, məhz Ermənistan rəhbərliyinin avantürası dinc müstəvidə həll prosesinin üzərindən xətt çəkib: “Sizə deyə bilərəm ki, prezidentlik müddətimdə Ermənistanın iki sabiq prezidenti və indiki baş naziri ilə bəlkə də onlarca danışıq aparmışam. Əvvəlki debatlar ərzində biz danışıqlar masasında əsaslı irəliləyişə nail olmuşduq. Biz bugünkü münaqişənin həlli üçün prinsipləri işləyib hazırlamışdıq. Biz konstruktiv idik. Danışıqlar 1992-ci ildən bəri davam edirdi. Təsəvvür edirsiniz? Demək olar ki, 30 il müddətində biz ümidlərlə yaşayırdıq. Vasitəçilər bizə “bir az gözləyin, Ermənistan tərəfindən daha konstruktiv yanaşma olmalıdır” deyirdilər. Lakin iki il bundan əvvəl dövlət çevrilişi nəticəsində bu baş nazir hakimiyyətə gələndən sonra danışıqlar prosesini tamamilə məhv etdi. Mənim onunla dəfələrlə görüşlərim olmuşdur, lakin bu görüşlər tamamilə mənasız idi. O mənə əraziləri geri qaytarmayacaqlarını dedi, onlar Dağlıq Qarabağın Ermənistana birləşməli olduğunu deyirdi. Beləliklə, bunlar mənim üçün tamamilə qəbuledilməz tələblər idi və onlar vasitəçilər üçün də qəbuledilməz idi. Ermənistan hökuməti mövqeyini dəyişməlidir, maksimalist mövqeyindən çəkinməlidir, “Qarabağ Ermənistandır” deməyi dayandırmalıdır. Çünki bu, həqiqət deyil, danışıqlar prosesini məhv edir və əlbəttə ki, biz geriləyirik”.
Bu vəziyyətdə indi birmənalı şəkildə qəbul edilən həqiqət odur ki, Ermənistan sülhə vadar edilməlidir. Ermənistan-Azərbaycan münaqişəsinin bu fonda artıq birdəfəlik şəkildə müsbət və ədalətli həlli vacibdir. Azərbaycan xalqının səbr kasası da artıq daşıb. Düşmən Qarabağ məsələsinin sülh yolu ilə həllini istəmədiyindən, artıq məsələnin hərbi həlli mütləq reallaşdırılmalıdır. Danışıqların davam etdirilməsinin anlamsız olması da bunu qaçılmaz edir. Reallıqda Azərbaycan torpaqlarında Ermənistan qoşunları var və Bakı bu vəziyyətlə heç vaxt razılaşmayacaq. Elə bu səbəbdən savaş Azərbaycanın şərtləri qəbul olunanadək davam edəcək. Sadəcə, Ermənistan rəhbərliyinin sağlam məntiq nümayiş etdirərək işğal edilmiş ərazilərdən ordusunu çıxarması dinc həll planlarının işə düşməsini şərtləndirə bilər. İndilikdə isə Ermənistan buna getmir və savaşı tətikləyir. Qeyd edildiyi kimi, buna görə də tam məsuliyyət daşıyır.
Düşmənin resursları tükənir
Müharibənin gedişində Ermənistanın bütün resursları, o cümlədən canlı qüvvə ehtiyatları sürətlə tükənir. Bu durumda Ermənistan hakimiyyəti döyüşə yeni qüvvə cəlb etməkdə çətinlik çəkir. Ölkə vətəndaşları öz övladlarını döyüşə göndərmək istəmir. Erməni icmasının nümayəndələri də döyüşdən yayınır, Qarabağdan qaçırlar. BBC-nin məlumatına əsasən, artıq minlərlə erməni Qarabağı tərk edib. Ermənistan hakimiyyəti onların bir hissəsini Gorusda yerləşdirib. Bunların əvəzində Ermənistandan Qarabağa yeni qüvvələrin göndərilməsi Nikol Paşinyan iqtidarı üçün ciddi problemə çevrilib. Canlı qüvvə çatışmazlığı ilə üzləşən erməni rəhbərliyi indi mülki şəxsləri döyüşlərə cəlb etmək məcburiyyətindədir. Amma bu istiqamətdə də ciddi çətinliklər mövcuddur. Cəlb edilən mülki şəxslər isə, hətta hərbi geyimlə belə təmin edilmir. Bundan əvvəl yayılan məlumatlara görə, döyüş əməliyyatları zamanı istər canlı qüvvə, istərsə də döyüş texnikası sarıdan xeyli sayda itki verən Ermənistan silahlı qüvvələri artıq 60-70 yaşlarında olan qocaları da döyüşə göndərir. Amma belə görünür ki, bu, qadınların ardınca döyüşə ahıl yaşında olan qocaları göndərən düşmənin son ehtiyat qüvvəsi olacaq.
Burada onu da xatırladaq ki, Azərbaycandakı demoqrafik göstəricilərə görə, ölkə əhalisinin sayı 10 milyon nəfəri keçib. Ermənistanda isə rəsmi rəqəmlərdə ölkə əhalisinin sayının 3 milyona yaxın olduğu bildirilsə də, reallıqda bu say 2 milyondan azdır. Paşinyan rejiminin və digər Ermənistan rəhbərlərinin ölkəni ötən illər boyu fəlakətə sürükləməsini, insanların kütləvi şəkildə Ermənistanı tərk etməsini nəzərə alsaq, düşmən ölkədə real mənzərə tam aydın olar. Təbii ki, bütün bunlar Ermənistan ordusunda şəxsi heyət çatışmazlığını daha da dərinləşdirir. Ordumuzun son hərbi əməliyyatların gedişində düşməni xeyli sayda itkiyə məruz qoyması da düşmənin durumunu xeyli ağırlaşdırır. Azərbaycan ordusunun düşmən təxribatına cavab olaraq həyata keçirdiyi əks-hücum qarşısında sıradan çıxan Ermənistan hərbçilərinin sayının daha sürətlə artması gözlənilir. Bu halda düşmənin uzun müddət ordumuz qarşısında davam gətirə bilməsi də mümkünsüzdür.
Ermənistandan fəqrqli olaraq, əks-hücum əməliyyatlarında iştirak edən Silahlı Qüvvələrimizin şəxsi heyətinin təminat və təchizat məsələləri dərhal həll olunur. Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, qoşunlarımızın təminatı müvafiq idarə, xidmət və qurumlar tərəfindən planlı şəkildə həyata keçirilir. Döyüşdə iştirak edən hərbi qulluqçularımız, hərbi texnika və döyüş vasitələrimiz ərzaq, geyim, məişət əşyaları, gündəlik tələbat məhsulları, silah-sursat və yanacaq-sürtgü materialları ilə sutkada 24 saat fasiləsiz təmin edilir. Döyüş əməliyyatlarının maddi-texniki təminatı ilə bağlı heç bir problem və çətinlik yoxdur. Təminat və təchizatla bağlı qarşıya qoyulan bütün tapşırıqlar vaxtında icra olunur. Bütün bunlar birmənalı şəkildə döyüşlərin gedişinə təsir edir. Artıq erməni cəmiyyəti də döyüşlərin nəticələrinin necə olacağını yaxşı bilir.
Region ölkələrinin Ermənistanın işğalçı siyasətinə etirazı artır
Ermənistanın işğal siyasətinin davamı və bu fonda hərbi əməliyyatların başlaması region ölkələrinin də narazılığına yol açır. İndi onlar məsələnin həlli üçün Ermənistanın işğal siyasətinin başa çatmasının zəruri olduğunu bəyan edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin “The Peninsula” qəzetinə müsahibəsində bir daha qeyd edib ki, Ermənistanın işğal siyasətinə son verilməlidir. Dövlət başçısı bildirib ki, Azərbaycan ordusu Ermənistanın işğal etdiyi torpaqlarını hissə-hissə geri alır.
İran da artıq əvvəlki ilə müqayisədə daha açıq mövqe sərgiləyir. Məsələn, İran Prezident Adminstrasiyasının rəhbəri Mahmud Vaezi vurğulayır ki, Dağlıq Qarabağ münaqişəsində işğala son qoyulmalıdır. Vaezi bildirib ki, ölkələrin ərazi bütövlüyü rəsmi şəkildə tanınmalıdır: "İranın Azərbaycan və Ermənistanla birgə sərhədləri var və İran iki qonşu ölkə arasında baş verən müharibəyə laqeyd yanaşa bilməz". İranın Ali Dini Rəhbəri Seyid Əli Xamneyinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bir daha bəyan edib. Vilayəti İranın nüfuzlu “Keyhan” qəzetinə müsahibəsində deyib: “Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmalıdır. Bütün ölkələrin ərazi bütövlüyünə hörmət edilməsi BMT Nizamnaməsinin əsas prinsiplərindən biridir və biz də təşkilatın üzvü olaraq, ona sadiq qalırıq. Azərbaycanın 7 rayonu Ermənistan tərəfindən işğal edilib. BMT Təhlükəsizlik Şurası bununla bağlı 4 qətnamə qəbul edib ki, onların hamısında Azərbaycanın bu bölgələrinin işğaldan azad edilməsi tələb olunur. BMT-nin üzvü olaraq, Ermənistanın işğal edilmiş əraziləri Azərbaycana qaytarmasını istəyirik. Bu ərazilərin işğalı nəticəsində 1 milyondan çox azərbaycanlı köçkün düşüb. Onlar tezliklə vətənlərinə qayıtmalıdırlar”. Gürcüstan hökuməti də daim Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Yeri gəlmişkən qeyd edək ki, bu ölkə Qarabağda vəziyyətin gərginləşməsi fonunda öz ərazisindən Azərbaycan və Ermənistana hərbi təyinatlı yüklərin daşınmasına icazələrin verilməsini qadağan edib. Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi Vaxtanq Qomelauri bu xüsusda bildirib: “Ermənistan və Azərbaycan arasındakı hərbi əməliyyatlara görə Gürcüstan hökuməti öz ərazisindən hərbi təyinatlı yüklərin daşınmasına icazənin verilməsini müvəqqəti dayandırıb”. Bu, hər iki ölkə istiqamətindəki həm quru, həm də hava marşrutlarına aiddir. Azərbaycan silah idxalında Gürcüstan ərazisindən istifadə etmir. Bu səbəbdən gürcü tərəfinin qadağası daha çox ermənilərə təsir edib, çünki Rusiyadan quru yolla bura silahlar daşınırdı. Hazırda verilən qərarla gürcü tərəfi bunu imkansız hala gətirib.
Rusiya da Ermənistanın ümidlərinin üzərindən xətt çəkib. Rusiya prezidenti Vladimir Putin bu barədə “Rossiya-1” telekanalına müsahibəsində Ermənistanı narahat edən açıqlamalar verib. O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Rusiyanın proseslərə müdaxilə etməyəcəyini bildirib. Rusiya lideri xatırladıb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və bu müqavilə çərçivəsində Rusiyanın Ermənistan qarşısında müəyyən öhdəlikləri var: “Lakin biz çox təəssüflənirik ki, döyüş əməliyyatları indiyədək davam edir. Bu əməliyyatlar Ermənistan ərazisində aparılmır. Rusiyanın bu müqavilə çərçivəsində öz öhdəliklərini yerinə yetirməsinə gəldikdə isə, biz öz öhdəliklərimizi həmişə yerinə yetirmişik, yetiririk və yetirəcəyik. Bildiyiniz kimi, mən Ermənistanın baş naziri ilə daim canlı əlaqə saxlayıram, Rusiyanın öz müttəfiqlik öhdəliklərini nə dərəcədə yerinə yetirməsi ilə əlaqədar Ermənistan rəhbərliyinin heç bir sualı yoxdur”. Kremlin mətbuat katibi Dmitri Peskov da məsələ ilə bağlı aydın mövqe sərgiləyib: “Təhlükəsizliyin təmin edilməsi baxımından öhdəliklər belədir: KTMT-nin üzvü olan ölkə hər hansı təcavüzə, kənardan hücuma məruz qalarsa, bu halda müqavilə iştirakçıları olan ölkələrin bu dövlətin müdafiəsinə qalxmaq öhdəlikləri var”. Rusiya Federasiyasının hansı halda Dağlıq Qarabağda münaqişə zonasına hərbçilər göndərməyə hazır olması barədə sualın cavabında Peskov deyib ki, bu, KTMT çərçivəsində öhdəliklərdən irəli gəlir: “Bu halda söhbət Ermənistandan gedir. Vladimir Putin bu iki məsələni dəqiq izah edib və onların arasında həddi göstərib, KTMT üzrə öhdəliklər Qarabağa şamil edilmir”. Onun sözlərinə görə, Ermənistan ərazisində hansısa döyüş əməliyyatları aparılması barədə məlumat təsdiqlənmir. Bu da region ölkələrinin Ermənistana hansısa dəstək vermək niyyətində olmadığını göstərir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.