"Ermənistanda terror təşkilatlarının düşərgələrinin mövcudluğu barədə məlumatlar bizdə əvvəldən də olub. İlk növbədə, PKK terror qruplarının düşərgələri Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarında mövcud idi. Bizdə artıq yeni kəşfiyyat məlumatları, onların danışıqları, onların təmasları haqqında sənədlər və audioməlumat var".
Prezident İlham Əliyev bunu “CNN-Türk” televiziyasına müsahibəsində bildirib. Dövlət başçısı onu da qeyd edib ki, bu, şübhə doğurmayan bir məsələ idi. Çünki Ermənistan terrorçu ölkədir: “Birinci Qarabağ müharibəsi dönəmində bizə qarşı onlarla terror aktı törədilmişdir - metrolarda, avtobuslarda, gəmilərdə. Hesab edirəm ki, erməni terroru dünyada məşhur olan bir mənfur fakt kimi dünya tərəfindən qəbul edilməlidir. Fransa aeroportunda 1980-ci illərdə terror aktını törədən şəxs sonra Ermənistana verildi, daha sonra sərbəst buraxıldı və o, qəhrəman hesab olundu. Ona görə bu gün də müxtəlif ölkələrdən Ermənistana terrorçular axışır. Bizdə olan məlumata görə, bəzi Yaxın Şərq ölkələrindən orada yaşayan ermənilər və digər qeyri-millətlərdən olan insanlar Ermənistana axışır ki, Azərbaycana qarşı bu haqsız müharibəyə qoşulsunlar”.
Qeyd edək ki, ordumuzun Qarabağda apardığı antiterror əməliyyatının ilk saatlarından etibarən Azərbaycan tərəfi düşmənin itkiləri arasında yalnız Suriyadan deyil, Yaxın Şərqin müxtəlif ölkələrindən erməni əsilli çoxsaylı muzdlu döyüşçünün olması barədə kəşfiyyat məlumatları alıb.
Təbii ki, ermənilər bu itkiləri gizlətməklə və onların tərəfindən muzdluların iştirakını inkar etməklə kifayətlənmir, eyni zamanda, Azərbaycanı guya “muzdlu əsgər” cəlb etməkdə günahlandırmağa çalışırlar.
Əlbəttə ki, erməni təbliğat maşınının bu cür böhtan dolu məlumatları tamamilə əsassızdır. Ordumuz üzərinə qoyulmuş vəzifələrin öhdəsindən uğurla gəldiyindən, Azərbaycanın muzdlu və terrorçuları cəlb etməsinə ehtiyac yoxdur. Üstəlik, Azərbaycanın kifayət qədər ehtiyat qüvvəsi var. Başqa tərəfdən, 80-ci illərin sonlarından, yəni Qarabağ münaqişəsi başlayandan bəri Yaxın Şərqin bəzi ölkələrindən olan erməni terrorçularının xidmətlərindən istifadə edən Ermənistan olub.
“Ermənilərin Qarabağa terrorçu yığması ilə bağlı dəfələrlə beynəlxalq qurumlar qarşısında məsələ qaldırılıb, lakin…”
Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı bildirdi ki, ermənilərin Qarabağa terrorçu yığması ilə bağlı dəfələrlə beynəlxalq qurumlar qarşısında məsələ qaldırılıb: “Beynəlxalq təşkilatlara bununla bağlı konkret dəlil-sübutların təqdim olunmasına baxmayaraq, reaksiya verilməyib. Müvafiq təşkilatlar onlara təqdim etdiyimiz faktlara göz yumurlar, qəbul etmək istəmirlər. Avropa İnsan Haqları Məhkəməsi Türkiyəyə qarşı əsassız bir qətnamə qəbul etdi. Məhkəmə heç bir sübut olmadan iddia edir ki, guya Türkiyə Azərbaycanın erməni işğalçılarına qarşı həyata keçirdiyi hərbi əməliyyatların birbaşa iştirakçısıdır. O baxımdan müraciətlərimiz faydasızdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Ermənistan ordusunda müxtəlif terrorçular döyüşürlər. Bu bir həqiqətdir.
Günel CƏLİLOVA