Erməni ordusunun hərbi-texniki resursları ilə yanaşı, canlı qüvvə resursları da tükənmək üzrədir. Bunu qondarma “DQR” nəzdində fəaliyyət göstərən müxtəlif sosial şəbəkə seqmentlərindən də görmək olur. Belə seqmentlərdən biri də “YouTube” kanalında ictimailəşdirilir.
Sosial şəbəkə vasitəsilə Ermənistan ordusuna kifayət qədər yaşlı insanın cəlb edildiyini, onların hərbi, fiziki və sair hazırlıqlarının yox səviyyəsində olduğunu görmək mümkündür.
Hətta şərh bölmələrində qeyd olunur ki, ordu sıralarında olanlar arasında keşişlər də var. Bu isə onu deməyə əsas verir ki, Ermənistan ordusunda döyüşmək istəyənlər yox səviyyəsində olduğu üçün keşişləri belə orduya çağırıblar.
“Düşmən hazırda çarəsiz vəziyyətdədir, gah qadınları döyüşə göndərir, gah da jurnalistlərə silah verib döyüşməyə məcbur edir”
Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, Ermənistan ordusunda iş o yerə çatıb ki, döyüşmək üçün keşişləri də silahlandırıblar: “Qondarma rejim rəhbərinin mətbuat katibi Vaqram Poqosyan bir neçə gün bundan əvvəl taktiki olaraq geriyə addım atdıqlarını, Azərbaycan Ordusunu pusquya saldıqlarını və 200 nəfər Azərbaycan hərbçisini məhv etdiklərini demişdi. Onların heç normal əyin-başları yoxdur, Azərbaycan hərbçisini necə məhv edəcəklər? Aydın məsələdir ki, düşmən öz ordusunun ruhunu qaldırmaq və döyüş meydanında saxlamaq üçün müxtəlif məlumatlar uydurur. Amma bunun heç bir xeyri yoxdur. Çünki artıq gecikiblər və Azərbaycan Ordusu lazım olandan daha artığını edib”.
Həmsöhbətimizin sözlərinə görə, düşmən hazırda çarəsiz vəziyyətdədir: “Gah qadınları döyüşə göndərir, gah da jurnalistlərə silah verib döyüşməyə məcbur edirlər. Orduda döyüşmək üçün canlı qüvvə tapılmadığı halda, orduya keşişləri də göndərirlər. Keşişin əlinə silah orduya göndərmək onların çıxılmaz vəziyyətdə olması qənaətinə gəlir.
Düşmən tərəf itkiləri ilə bağlı siyahı dərc edib və 300-ə yaxın döyüşçüsünün məhv edildiyini etiraf edib. Deməli, bunların itkiləri o qədər çoxdur və darmadağın olublar ki, itkilərini minimal göstərməyə çalışır, məcburiyyət qarşısında qalıb müxtəlif uydurma dolu açıqlamalar verirlər”.
Günel CƏLİLOVA