“Mənim onunla dəfələrlə görüşlərim olmuşdur, lakin bu görüşlər tamamilə mənasız idi”. Bunu Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.
Ölkə başçısının sözlərinə görə, Ermənistan hökuməti mövqeyini dəyişməlidir, maksimalist mövqeyindən çəkinməlidir: “Qarabağ Ermənistandır” deməyi dayandırmalıdır. Prezidentlik müddətimdə Ermənistanın iki sabiq prezidenti və indiki baş naziri ilə bəlkə də onlarca danışıq aparmışam. Əvvəlki debatlar ərzində biz danışıqlar masasında əsaslı irəliləyişə nail olmuşduq. Biz bugünkü münaqişənin həlli üçün prinsipləri işləyib hazırlamışdıq. Biz konstruktiv idik. Danışıqlar 1992-ci ildən bəri davam edirdi. Təsəvvür edirsiniz? Demək olar ki, 30 il müddətində biz ümidlərlə yaşayırdıq. Vasitəçilər bizə “bir az gözləyin, Ermənistan tərəfindən daha konstruktiv yanaşma olmalıdır” deyirdilər. Lakin iki il bundan əvvəl dövlət çevrilişi nəticəsində bu baş nazir hakimiyyətə gələndən sonra danışıqlar prosesini tamamilə məhv etdi. Mənim onunla dəfələrlə görüşlərim olmuşdur, lakin bu görüşlər tamamilə mənasız idi. O, mənə əraziləri geri qaytarmayacaqlarını dedi, onlar Dağlıq Qarabağın Ermənistana birləşməli olduğunu deyirdi. Beləliklə, bunlar mənim üçün tamamilə qəbuledilməz tələblər idi və onlar vasitəçilər üçün də qəbuledilməz idi. Ermənistan hökuməti mövqeyini dəyişməlidir, maksimalist mövqeyindən çəkinməlidir, “Qarabağ Ermənistandır” deməyi dayandırmalıdır. Çünki bu, həqiqət deyil, danışıqlar prosesini məhv edir və əlbəttə ki, biz geriləyirik”.
Göründüyü kimi, 2018-ci ildə hakimiyyətə gəldikdə Paşinyan ilk vaxtlar müəyyən vədlər verib. Beynəlxalq qurumları əmin edib ki, vəziyyət fərqli olacaq. O cümlədən, ilk vaxtlar Azərbaycan tərəfinə siqnallar ötürüb ki, ona vaxt versinlər. Həmçinin, o, qarşılıqlı güzəştlərdən danışırdı. Ancaq o, verdiyi bu sözlərin üstündə durmayaraq, danışıqlarda daha radikal mövqe sərgiləməyə başladı. Hansı ki, onun danışıqlarda konstruktiv mövqe tutacağı ilə bağlı gözləntilər var idi. Maraqlıdır, onun belə barışmaz mövqe sərgiləməsinə nə səbəb olub? Daxili, yoxsa xarici faktorlar onu belə mövqe tutmağa vadar edib?
“Azərbaycan olaraq biz ümid etməməliyik ki, Paşinyan yox, bir başqa “yan” gəlsə, danışıqlarda vəziyyət dəyişəcək”
Məsələyə münasibət bildirən millət vəkili Fazil Mustafanın sözlərinə görə, Paşinyanın öz sözünü tutmamasında hər iki faktor rol oynayıb: “Bunda həm daxili, həm də xarici faktorun təsiri var. Erməni mühiti elədir ki, onlar maksimalist cəmiyyətdir. Onlar gələcəyini doğru proqnozlaşdırmayan cəmiyyətdir. Onlar elə başa düşürlər ki, hansısa fürsətdə qonşunu öldürüb aradan çıxandan sonra cəza almayacaqlar. Ancaq yaxalananda kütləvi şəkildə cəza almağa məhkum olurlar. Çünki ellikcə terrorçu mahiyyətində olan bir xalqdırlar. O baxımdan da Paşinyanın belə davranacağı gözlənilən idi. Onun da əvəzini ödəməyə başlayıb. Hər halda, Azərbaycan olaraq biz ümid etməməliyik ki, Paşinyan yox, bir başqa “yan” gəlsə, danışıqlarda vəziyyət dəyişəcək. Məsələ ondadır ki, erməni strategiyası var. Həmin strategiyanın mahiyyəti ondan ibarətdir ki, yeni torpaqlar işğal edib fürsət düşəndə həmin əraziləri Ermənistana qatmaq. Ona görə də bütün bunları yarıda saxlamaq və erməniləri reallıqla barışmağa məcbur etmək lazımdır. Əslində, bu gün Azərbaycan Ordusu apardığı uğurlu döyüş əməliyyatları ilə Ermənistanı reallığa qaytarır. Ermənistan Azərbaycana məğlub olmaqla bunun faydasını görəcək. Çünki erməni xalqının ağıllanması baxımından bu məğlubiyyət onlar üçün həyati əhəmiyyət kəsb edir. Onlar güclü zərbə almadan kompromisə getməzlər”.
Millət vəkilinin fikrincə, Azərbaycan Ordusu onlara öz yerini göstərdi.
Vidadi ORDAHALLI